Milli Mətbuat: İqtisadi senzura yoxsa dövlət dəstəyi

Milli Mətbuat: İqtisadi senzura yoxsa dövlət dəstəyi
22 İyul 2017
Mətni dəyiş

Hökumətyönlü media Milli Mətbuat günündə Azərbaycanda jurnalistikanın nailiyyətlərindən bəhs edir.

Əks fikirdə olan media nümayəndələri isə azad jurnalistikanın tənəzzül yaşadığını deyirlər. Onlardan biri Turan informasiya agentliyinin direktoru Mehman Əliyevdir.

BBC Azərbaycancaya danışan jurnalist deyir ki, mətbuatı nəzarət altında saxlamaq üçün 90-cı illərdə tətbiq edilən siyasi senzura yoxa çıxandan sonra, o, hazırdakı iqtisadi senzura ilə əvəzlənib.

Müstəqil maliyyə mənbələrinin qıtlığı şəraitində yalnız hakimiyyətə yaxın media qurumları ayaqda qala bilir, Turan informasiya agentliyinin direktoru deyir.

O, təsir vasitəsi kimi, o cümlədən reklam bazarının qəsddən məhdudlaşdırıldığını qeyd edir.

Məhdud reklam

"65 milyardlıq büdcəsi olan ölkənin reklam bazarı 650 milyon olmalıdır. Olsun bunun yarısı, 300-200 milyon. Bizdə isə reklam bazarı cəmi 8 milyondur. Bu heç kimə çata bilməz. Heç nə deyil".

Mehman Əliyevin sözlərinə görə müstəqil mətbuat iqtisadi vasitələrlə senzuraya məruz qalır.

Dövlət dəstəyi

Azərbaycan rəsmiləri mətbuata dövlət tərəfindən dəstək göstərildiyini bildirirlər.

Bu səpkidə media ilə bağlı dövlət siyasətini formalaşdıran Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti qeyd olunur.

Rəsmi məlumata görə 2017-ci ilin ikinci yarımilliyi üçün bu qurum 33 KİV-in layihələrini maliyyələşdirib. Bununla yanaşı dövlət bu il 255 jurnalisti yeni tikilmiş binada mənzillə təmin edib.

Mehman Əliyev hesab edir ki, "14 jurnalistin həbsdə olduğu halda" KİV-lərə belə bir dəstəyin nümayişi suallar doğurur.

Qara bayram

"Bir tərəfdən bəzi jurnalistlərə ev verilir. Digər tərəfdən media azadlığına dair qanunlar sərtləşdirilir. Jurnalistlər həbsə atılır".

O hesab edir ki, dövlət medianı dəstəyə möhtac edir.

"Axı dövlət yardım etməməlidir. O, iqtisadi inkişafa şərait yaratmalıdır ki, mətbuat həmin mühitdə sərbəst fəaliyyət göstərə bilsin", - Mehman Əliyev deyir.

"Təəssüf ki, belə şəraitdə mətbuat günü ilə sizi təbrik edə bilmərəm. Çünki bu qara bayramdır!".

Bağlı qapılar

Bəs görəsən hazırda praktiki jurnalistika ilə məşğul olanlar sırf peşə fəaliyyəti baxımından vəziyyət barədə nə düşünürlər?

Jurnalist Aynur Elgünəş əsas problemlərdən biri kimi rəsmi informasiyaya çıxışın çətinliyini qeyd edir.

Onun sözlərinə görə tənqidi jurnalistlər üçün bütün qapılar bağlıdır və mətbuat xidmətləri sanki məlumatı gizlətmək üçün yaradılıb.

[caption id="attachment_41120" align="aligncenter" width="1023"] Aynur Elgünəş[/caption]

"İnformasiya sorğusu göndəririk. Cavabsız qalır", - Dövləti tənqid edən Meydan TV ilə əməkdaşlıq etmiş jurnalist bildirir.

BBC Azərbaycancaya danışan jurnalist deyir ki, bir çox hallarda balansı qorumaq üçün o, "qarşı tərəfin mövqeyini ala bilmədik. Qarşı tərəf münasibət bildirmədi" ifadələrini işlətməli olur.

Gələcəyə ümid

Aynur Elgünəş hakimiyyətə yaxın medianın belə çətinliklər yaşamadığını deyir.

Jurnalist durumun ağır olmasına rəğmən təlim etdiyi gənclərə görə mətbuatın gələcəyinə ümidlə baxdığını deyir.

"Gənclər arasında kifayət qədər yaxşı kadrlar yetişir. Onlar oxumaq, beynəxalq standartları tətbiq etmək istəyir. Yəni ümid yeri var".

Plyuralizm yoxa çıxır

Bu arada Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri azad media məkanının "şaqren dərisi" kimi getdikcə daraldığını və KİV-lərin bağlanması nəticəsində plyuralizmin yoxa çıxdığını deyir.

"Müxalifət mətbuatını yalnız həqiqət üçün oxumurlar ki, orada həqiqət ola da bilər - olmaya da. Ama orda fərqli fikir olur ki, insanları cəlb edən məhz budur", - Arif Əliyev BBC Azərbaycancaya deyib.

Jurnalist fərqli baxışların internetdə ifadə olunduğunu bildirir. Lakin onun sözlərinə görə bu durum da dəyişə bilər.

O, deyir ki, son zamanlar qəbul edilən qanunlar və parlamentdə səslənən bəyanatlar göstərir ki, interneti "KİV-lər formasında tənzimləmək" istəyirlər.

Mətbuata inam

Jurnalist hesab edir ki, hazırda maliyyə cəhətdən müstəqil olmayan mətbuata etimadın azalması müşahidə olunur və "bu təbii haldır".

Arif Əliyev deyir ki, bu etimadı qorumaq üçün media peşə etikasına riayət edib, dövlət dəstəyindən imtina etməlidir.

Lakin Azərbaycan mediasında bu baş vermir: "Nəinki yardımdan imtina edirlər, hətta hakimiyyətə yardım üçün müraciət norma halını alıb. Əvvəllər mətbuat gizli şəkildə maliyyəlşdirilirdi. İndi isə bu, fondlar vasitəsilə açıq həyata keçirilir", - Arif Əliyeb bildirir.

"Bəzi media nümayəndələri başa düşmür ki, belə olmaz".

Beynəlxalq insan haqları və media təşkilatları Azərbaycanı söz azadlığı və vətəndaş cəmiyyətinə təzyiqlərdə ittiham edirlər.

Onlar siyasi motivlərlə həbsə alınan jurnalist və fəalların azad olunmasına səsləyirlər. Azərbaycan hakimiyyəti bu iddiaları rədd edərək jurnalist və fəalların həbsinin peşə fəaliyyətilə əlaqəli olmadığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun