1 İyul 2017
Mətni dəyiş
Bundan 77 il öncə, 28 fevral 1878-də Mirzə Fətəli Axundzadə vəfat edib.
Axundzadə Azərbaycan ədəbiyyatında azad düşünmə tərzinin ən böyük nümayəndəsidir.
Bu günə qədər də Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş komediyalarında və fəlsəfi-publisistik əsərlərində Mirzə Fətəli müsəlman dünyasının ictimai və siyasi, bütün həyat sahələrində radikal islahata lüzum olduğunu müdafiə edirdi.
Hərarətli bir vətənsevər kimi Mirzənin qəlbi məmləkətin geriliyinə üzülürdü. Dünya mədəniyyətini bir tam olaraq qəbul edən o, müsəlman millətlərin çağdaş Qərbi Avropa tərəqqi karvanına qatılmasının yollarını axtarırdı.
Hürriyyət fikri, insanlığın şərəf və heysiyyəti, düşünmə sərbəstliyi və hər cür istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığının əsas motivini təşkil edirdi.
Bu azadlıqları məhv və təhdid edən siyasi, ictimai və dini hər cür qurumlar onun böyük məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca tənqid edilirdi. O, 18-ci əsrin Qərbinin aydınladıcı fikirlərinin şərqdəki təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşüncənin hürriyyət və sərbəstliyini müdafiə edən Mirzə Fətəli qadın-kişi, hər iki cinsin həyatın hər sahəsində bərabər hüquqlara malik olmasını istəyirdi. Kişilər də, qadınlar da onun anlayışına görə, eyni dərəcədə oxuyub-yazmalı, eyni təhsili almalıdırlar. Elm yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da ölçülü ədalət qanunları ilə mülayimləşməsini bütün hərarətiylə tələb edirdi. Fəlsəfi-publisistik əsərlərindən, məşhur “Kəmalüddövlənin Cəlalüddövlə ilə məktublaşmalarının bir yerində eynilə bunları oxuyuruq:
“... Əslində, məsələ millətimizin dinsiz və Allahsız olmasında deyil. İstənilən şey yalnız indiki dövrün və mədəniyyətin icablarını nəzərdə tutaraq islamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə bərabər olmaları əsasına dayanmalı, siyasi müəssisələrin tədbirli bir şəkildə islahı surətiylə şərq istibdadı dəyişdirilməli, müsəlman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil verən bir dövlət rejimi qurulmalıdır”.
Belə bir rejimin həyata keçirilməsi üçün Mirzə Fətəli xüsusi bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərfləri ilə dəyişdirilməsi yolu ilə yazımızın islahı yolunda təşəbbüs göstərib; İstanbula gedib, Tehrana müraciət edib.
Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə bənzərsiz və rəqibsiz olan bolşeviklər talançılara xas bir həyasızlıqla Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər.
Hansı baxımdan təhlil edilir-edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini liberalizmi “burjua hürriyyətçiliyi” kimi bayağılaşdıran bolşeviklərə dost bir insan kimi göstərmək hədsizliyi ancaq azad fikrin və qələm sahiblərinin qafalarını partladan, mətbuatı inhisar altında saxlayan kommunist diktatorluğunda təsəvvür edilə bilər.
Mirzə Fətəli “Şərq istibdadı”nın yumşadılmasını istəyirdi. Halbuki, bolşeviklərin qurduğu diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə qoyan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə bir bənzərsiz bir zülm və mütləqiyyət rejimidir.
Mirzə Fətəli Qərbi Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua adı verdikləri bu mədəniyyətə arxalarını çevirib, ona amansız bir hərb elan ediblər.
Avrupa mədəniyyətinə qoşulmaq niyyəti ilə Azərbaycan və Türkiyə latın hərflərinin tətbiqinə başladıqları bir vaxtda, Sovet Azərbaycanı və onunla birlikdə Sovet İttifaqındakı bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqi ilə rus əlifbasına keçdilər. Bu hal əsla nə Axundzadənin xəyalına gələrdi, nə də onun avropalılaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin apardıqları kültür siyasəti ilə tam bir ahəng təşkil edər ki, indiki halda bu siyasət “Sovet nasionalizmi” adı altında formulə edilən bir sistem şəklinə çevrilməkdədir. Rus millətinə “böyük qardaş” rolunu ayıran bu sistemdə gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət “irticaçı bir kosmopolitizm” töhməti ilə lənətlənməkdədir.
Kommunizmin ana fikri olaraq qəbul edilən allahsızlıqdan bəhs edərkən, bolşeviklər daha çox Mirzə Fətəlinin adını çəkirlər. Onun ateistliyindən bəhs edərlər. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmirdi. Onun mücadilə apardığı şey iman və düşüncəyə müsəlləd olan sxolastik təfəkkür tərzi idi. Bu cür düşünmə tərzi indi bütün mahiyyəti ilə Sovetlərdə hakimdir. O Sovetlərdə ki, kommunizm xaricində heç kimə fərqli bir dünyagörüşünə sahib olmaq haqqı verilmir. Sovetlər dövlətinin dəstəklədiyi rəsmi əqidə bütün Sovet vətəndaşları, daha doğrusu, bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya məhbəs, ya da əsir düşərgələridir.
Əziz azərbaycanlılar, bir daha təkrar edirik: Bolşevik agentlərinin, sovet ədəbiyyatçı və dırnaqarası tənqidçilərinin nəqarətlərinə əsla inanmayın! Söz azadlığının, mətbuat sərbəstliyinin , inanc, din və düşüncə istiqlalının , liberal dövlət üsul-idarəsinin böyük mücahidi; formaca, məzmunca da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın kökdən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinanın təmsilçiləri olan bolşeviklərə dost olması qətiyyən təsəvvür edilə bilməz!
“Azərbaycan” jurnalı, 1955, yanvar-fevral sayı.
İlk dəfə Münhendə “Qurtuluş radiosu”nda yayımlanıb.