2016-cı ilin iyununda Trump Towerdə kiçik Donald Trumpın da iştirak etdiyi görüşdə 8-ci iştirakçının adı bəlli olub. CNN televiziyasının məlumatına görə, bu, İke Kaveladzedir. Onun kimliyini vəkili Scott Balber təsdiqləyib.
Kaveladze Araz Ağalarovun başçılıq etdiyi Crocus Qrupda baş vitse-prezidentdir.
Balber deyib ki, Kaveladze Robert Muellerin başçılıq etdiyi Xüsusi Müstəntiqlər Şurası ilə tam əməkdaşlıq edir. Bu Şura isə ABŞ prezidenti Donald Trumpın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdırır.
New York Times qəzeti bu ayın əvvəlində yazmışdı ki, Nyu Yorkda Trump Towerdəki görüşdə kiçik Donald Trump, prezident Trumpın kürəkəni Jared Kushner, seçki kampaniyasının o vaxtki rəhbəri Paul Manafort, rusiyalı vəkil Natalia Veselnitskaya, indi adı tez-tez hallanan Rob Goldstone, rusiyalı-amerikalı lobbiçi Rinat Akhmetshin və ən azı iki digər şəxs iştirak edib. O vaxtdan hamını maraqlandırır ki, o şəxslər kimlərdir? Onlardan biri, ehtimala görə, tərcüməçi olub. Bəs 8-ci kimdir?
İndi adı bəlli olan Kaveladze 2004-cü ildən Araz Ağalarovun biznesindədir.
Kaveladzenin vəkili Scott Balber deyib ki, Kaveladze çoxdandır ki, ABŞ vətəndaşıdır, rusca yaxşı danışır və heç vaxt Rusiya hökuməti ilə heç bir əlaqəsi olmayıb.
Görüş barədə danışan vəkilin sözlərinə görə, Kaveladzedən xahiş olunmuşdu ki, Trump Towerdəki görüşdə tərcüməçilik etsin. Çünki rusiyalı vəkil Natalia Veselnitskaya ingiliscə bilmir. Ancaq görüşdə Kaveladze gördü ki, rusiyalı vəkilin tərcüməçisi artıq var.
Balber deyib ki, Kaveladzenin həmin görüşdən yadında qalan odur ki, söhbət Magnitski aktı və rusiyalı uşaqların amerikalılara övladlığa verilməsinin qadağan olunması ətrafında gedirdi.