Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən keçmiş deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə ilkin məhkəmə başa çatıb.
Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda Dünyamin Xəlilov son söz deyib. Keçmiş deputat, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödəniliməsinə yönəldiləcək.
İttiham olunanlardan Mənsur Zeynalov, Fərhad Əmiraslanov və Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Şakir Musayev, Ruslan İsmayılov, Rauf Əliyevin barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.
Xatırlatma
2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb.
"Globus Plaza"nın sahibi olan Dünyamin Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub. Keçmiş deputat külli miqdarda dələduzluqla ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyev bərələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.