Jurnalist İslam Şixəli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.
Bu barədə özü Abzas.net-ə məlumat verən İslam Şıxəli bildirib ki, onu İstintaq İdarəsinin Əli Babayev adlı müstəntiqi idarəyə dəvət edib.
"Məni idarəyə idarənin Əli Babayev adlı müstəntiqi dəvət etdi. Rəsmi çağırış istəmədim, çünki indi qanunla istənilən vasitə ilə - telefon, whatsapp, skype və hətta göyərçinlə belə dəvət edə bilirlər" - deyə jurnalist bildirib.
İslam Şıxəli güman edir ki, onu Jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar dindirməyə çağırıblar.
Jurnalist 7 iyul saat 10:00-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verəcək.
İslam Şıxəli Azadlıq Radiosunun Bakı Bürosu Azərbaycanda fəaliyyət göstərənə qədər həmin media qurumunda çalışıb. Büronun fəaliyyəti Bakıda dayandırılandan sonra İ.Şıxəli müstəqil jurnalist kimi fəaliyyətini davam etdirib.Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ona Cinayət Məcəlləsinin 3 maddəsi üzrə iş açılıb və məhkəmənin qərarı ilə ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. O, hakim ailə ilə bağlı bir sıra araşdırma yazılarının da müəllifidi.
Məhkəmə onun haqqında 3 ay həbs qətimkan tədbiri seçib.
Əfqan Muxtarlı həbs edildikən sonra bir sıra ictimai şəxslər onun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.