İstirahət mərkəzinin hovuzunda iki nəfər cərəyandan ölüb

İstirahət mərkəzinin hovuzunda iki nəfər cərəyandan ölüb
10 İyul 2017
Mətni dəyiş

İyulun 7-i axşam saatlarında​ İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüb, iki nəfərsə xəsarət alıb.

AzadlıqRadiosunun məlumatına görə, bu barədə İsmayıllı rayon prokurorluğundan bildiriblər.

Hadisə rayonun Sumağalı kəndi yaxınlığında yerləşən “Green House” istirahət mərkəzində baş verib.

İstirahət edənlər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal edilir.

Hadisə nəticəsində Bakı şəhər sakinləri Emin Adıgözəlov və Gülhüseyn Quliyev vəfat ediblər, Zaqatala sakini Eltəkin Ömərov və Bakı şəhər sakini Zakir Əliyevxəstəxanaya yerləşdirilib.

Prokurorluqdan hər iki xəstənin durumunun yaxşı olduğu deyilib.

Baş Prokurorluğun mətbuat xidməti İsmayıllıdakı istirahət mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı bildirir ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertizalar təyin edildiyi, təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri addım atıldığı deyilir.

Xatırlatma

2014-cü ilin mayında da “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşmış, nəticədə 10 yaşlı Dəniz Qorçu hadisə yerindəcə ölmüşdü. Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri almışdılar. Baş vermiş faciədə məktəblilərdən birinin dayəsi, elektrokarı idarə edən Aytən Əzizova təqsirli bilinmişdi. O cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2013-cü ilin iyulunda isə Xaçmazın Seyidli kəndindəki "Nabran Holiday Village" istirahət mərkəzində hovuzda çimərkən 2 yaşlı İmran Cəfərov ağır xəsarət almışdı. Buna səbəb kimi yaxınlıqdakı su çəkən qurğunun işlək vəziyyətə gətirdiyi, su borusunun ağzında qoruyucu barmaqlıq olmadığı göstərilirdi. Nəticədə körpənin sol ayağı zədələnmiş, sağ ayağını dizdən aşağı itirmişdi. O zaman istirahət mərkəzinin lisenziyası ləğv olunmuş, uşaq dövlət hesabına müalicəyə götürülmüşdü.

Cinayət Məcəlləsinin "əmək mühafizəsi qaydalarını pozma" və "səhlənkarlıq" maddələri ilə cinayət işi başlanmışdı.

Mədəniyyət və Turizm nazirliyi isə istirahət mərkəzlərində hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlayaraq 5 gün ərzində icra olunması məqsədilə sahibkarlara göndərdiyini açıqlamışdı. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacağı, hətta müəssisənin fəaliyyətinə xitam veriləcəyi deyilirdi. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları tərəfindən "məxfi qonaq" sistemi üzrə həyata keçirilməliydi.

“CTF” firmasının və "Nabran Village Holiday"in direktoru Rəşad Zərbəliyev, icarəçi Firdovsi İbrahimov və hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov 4, digər icarəçi Ramiz Əhmədov 7 il azadlıqdan məhrum edilmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun