4 İyul 2017
Mətni dəyiş
Bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında idmançıları daşıyan avtobus sürücülərinin maaşları verilməyib.
"Xaliq Faiqoğlu" MMC-yə daxil olan 18,61,65,96 nömrəli marşrut xətlərinin sürücüləri deyir ki, müqaviləyə görə, onlara hər gün 35 manat ödənməli idi. Oyunlar bitsə də, sürücülərə maaşlarının bir hissəsi ödənilməyib. İş üzrə əlaqələndirici olduğu deyilən Sahil adlı şəxs isə komitədə işləmədiyini açıqlayıb.
Çəkiliş apararkən "Xaliq Faiqoğlu" MMC-nin əməkdaşları sürücülərə şikayətlərini danışmamaq barədə tapşırıq verirdi. Şirkətin nümayəndəsi Meydan TV-yə təsdiqləyib ki, sürücüləri dövlət tədbirinə göndəriblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, sürücülərlə olan müqavilə nazirliklə imzalanmayıb. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məsələyə cavabdeh Bakı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsidir.
Komitədən isə cavab almaq mümkün olmayıb.12-22 may aralığında baş tutan Bakı İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3000-dən çox idmançı iştirak edib. Oyunların keçirilməsinə 180 milyon manatdan çox vəsait xərclənib.