“İşıq məhbus”larının məhkəməsi olub

“İşıq məhbus”larının məhkəməsi olub
1 İyul 2017
Mətni dəyiş
Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiklərinə görə həbs edilmiş 5 təqsirləndirilən şəxsin işi üzrə məhkəmənin hazırlıq iclasında müdafiə tərəfin heç bir vəsatəti təmin edilməyib.
Dekabrın 22-də Biləsuvarda istehlakçıların borcu ilə əlaqədar 11 məcburi köçkün qəsəbəsində elektrik enerjisinin kəsilməsinə etiraz aksiyası keçirilib. Polis aksiyanı dağıdıb. Bu zaman Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov həbs edilib. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 186.2.2. (əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233 (ictimai asayişin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Eyni ittihamlarla dekabrın 24-də daha iki nəfər - Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib.
İyunun 30-da onlar məhkəmə qarşısına çıxarılıb.
Hazırlıq iclası Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon Məhkəməsində keçirilib. Təqsirləndirilən şəxslərin qohumları, ictimaiyyət nümayəndələri və jurnalistlər prosesə buraxılmayıb.
Eyni zamanda, zərərçəkmişlər - polis əməkdaşları zala buraxılıb. Onların sayı 21-dir. Amma, hamısı məhkəməyə gəlməyib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfi bəraətverici əsaslarla cinayət icraatına xitam verilməsi haqqında vəsatət qaldırıb.
Bundan başqa, vəkillər cinayət işindən qəbuledilməz yollarla əldə edilmiş dəlilləri, o cümlədən təzyiq yolu ilə alınmış ifadələri çıxarmağı xahiş ediblər.
Müdafiə tərəfi həmçinin məhkəmə prosesinin audio yazısının və video çəkilişinin aparılması, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətlər qaldırıb.
Amma, vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə işi baxılması üçün qəbul edib və mahiyyəti üzrə dinləmələri iyulun 14-nə təyin edib.
İclas zamanı isti havada küçədə qalan təqsirləndirilənlərin qohumlarının səhhəti pisləşib.
Təqsirləndirilən Hüseynovun anası Firuzə Hüseynovanın və İsgəndərovun bacısı Gülnarə İsgəndərovanın halı pisləşib və onlar ətrafdakıların yardım göstərməsindən sonra özlərinə gəlib.
Hüquq müdafiəçisi Xədicə İsmayıl da məhkəmınin qarçısında olub. O facebook səhifəsində yazır ki, Cəbrayıl rayonuna xidmət etməli olan məhkəmədə bapbalaca bir zal var.
“Müttəhimlərlə zərərçəkənlər, vəkil, prokuror və hakimdən başqa heç kimi məhkəməyə buraxmayıblar. Faktiki qapalı proses keçirilir. Məhkəmənin qarşısında məhbusların qohumları 36 dərəcə istidə dayanıb. Dili qatlanan kim, ürəyi gedən kim”, o qeyd edib.
Hüquq müdafiəçisi müttəhimlərdən yalnız birinin özünün seçdiyi vəkil olduğunu bildirir.
“Bu vəkil Elchin Sadiqovdur. İndiyədək təcridxanada qohumları ilə görüş alan da ancaq odur. Qalanlarına Şüvəlan təcridxanası görüş verməyib, paykovoy vəkillər də şikayət etmənin yolunu öyrətməyib. Qohumlar ümid edir ki, sakit qalsalar, dustaqları buraxarlar. Hərçənd ki, buraxmaq istəsələr, indiyədək buraxardılar, heç iş məhkəməyə gəlməzdi”, Xədicə İsmayıl yazır.
Təqsirləndirilənlərin beşi də hüquq müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınıb və onlara el arasında "işıq məhbusları" da deyirlər.
Xatırladaq ki, etiraz aksiyasından sonra hökumət elektrik enerjisi borcunun ödənilməsi üçün möhlət verib. 2017-ci ilin martında isə 11 qəsəbənin hamısı qazlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun