İranın 175 millət vəkili prezident Hassan Rouhani-yə məktubla üz tutaraq, onu "səriştəli və layiqli" qadınları növbəti kabinetində nazir vəzifələrinə təyin etməyə çağırıb. Bu məktub parlamentin açıq iclasında oxunub.
Bununla yanaşı, İranın Ali İnzibati Şurası hökumətin ölkənin icraedici hakimiyyətindəki vəzifələrin 30 faizinə qadın namizədləri təyin etmək öhdəliyinə dair qətnaməni təsdiqləyib.
“"Dayanıqlı inkişaf" planı xəttinə uyğun olaraq, bacarıqlı və layiqli qadınlar kabinet nazirləri kimi vəzifələrə təyin edilməlidirlər", - millət vəkillərinin məktubunda belə deyilir.
“Birnəfəsə təyinat mümkün deyil”
Rouhani yenidən prezident seçiləndən bəri bir sıra millət vəkili və siyasi fəallar yeni kabinetə daha çox qadının cəlb edilməsinə çağırıb. Bu fəallar arasında Rouhani-ni seçkilərdə dəstəkləyən islahatçılar da var.
Ancaq Ashraf Boroujerdi və Azar Mansouri də daxil, bir neçə siyasi fəal düşünürdü ki, Rouhani-nin gələcək hökumətində heç bir nazir vəzifəsinə qadınların namizədliyi irəli sürülməyəcək.
Rouhani-nin özü mayın 19-dan - yenidən prezident seçiləndən bəri məsələyə birbaşa münasibətini bildirməyib. İyunun 24-dəki çıxışında isə o, belə deyib: “Qadınların yüksək səlahiyyətli vəzifələrə təyin edilməsi addım-addım gerçəkləşdirilməlidir. Qadınların yüksək vəzifələrə birnəfəsə təyin edilməsi mümkün deyil".
Bununla yanaşı, Rouhani ikinci dəfə prezident seçiləndən sonra keçirdiyi ilk hökumət iclasında yüksək vəzifələrə gənclərin və qadınları daha çox cəlb etməyə çağırıb: “Prezident seçkilərində gənclər və qadınlar da daxil, insanların səsləri eşidildi".
İran regionda qadınların hökumətdə nazir vəzifələrinə götürüldüyü ilk dövlətlərdən biridir. İranlı həkim, müəllim və millət vəkili Farrokhroo Parsa eyni zamanda həm də ilk qadın nazir olub. O, 1968-1971-ci illərdə təhsil naziri vəzifəsində çalışıb. 1979-cu il inqilabından sonra islam inqilab məhkəməsi onu şübhəli, qeyri-müəyyən ittihamlarla mühakimə edərək, güllələtdirib.
Əvvəllər 3 qadın namizədddən biri təsdiqlənmişdi
İranda növbəti qadın nazirin təyini yalnız 40 ildən sonra baş verib.
İnqilabdan sonrakı dövrdə ilk dəfə Mahmoud Ahmadnejad prezidentliyinin ikinci müddətində 3 qadının nazir vəzifələrinə namizədliyini irəli sürüb. Ancaq parlament onlardan yalnız birini təsdiqləyib. O zaman 49 yaşı olan Marzieh Vahid Dastjerdi səhiyyə və tibb təhsili naziri vəzifəsinə təyin edilib. O, 2009- 2013-cü illərdə bu vəzifəni tutub.
Rouhani özünün ilk prezidentlik müddətində nazir postlarına heç bir qadının namizədliyini irəli sürməyib. Ancaq o, Elham Aminzadeh, Massoumeh Ebtekar və Shahindokht Molaverdi-ni, müvafiq olaraq, hüquq, ətraf mühit və qadın və ailə məsələləri üzrə müavinləri təyin edib.
Bundan başqa, iyun ayında Farzaneh Sharafbafi HOMA İran Milli Hava Yollarının baş icraçı direktoru vəzifəsinə gətirilib.
Bir çox hüquq müdafiə təşkilatı uzun zamandan bəri İranda islam hökumətinin qadınların bacarıqlarını önəmsəməməsindən narazı idi. Bu il mayın 24-də Human Rights Watch İran qadınlarının ayrıseçkiliyə məruz qalmasını və həyatın hər sahəsində çətinliklərlə üzləşməsini sərt tənqid etmiş və rəsmi Tehranı qadınlarla bağlı qanunvericiliyə yenidən baxmağa çağırmışdı.
“Universitet məzunlarının yarıdan çoxu qadın olsa da…”
“İranda universitet məzunlarının yarıdan çoxu qadın olsa da, onların ölkənin əmək qüvvəsindəki payı 17 faizdən azdır", - Human Rights Watch bu faktı vurğulamışdı.
Ötən il Dünya İqtisadi Forumunun Dünya Gender Boşluğu hesabatında İran 144 ölkə arasında 139-cu yeri tutub.
“Dünya əhalisinin yarıdan çoxu qadındır. Onlar tibb, təhsil, iqtisadi inkişaf , qazanc potensialı və siyasi qərar qəbuletmə gücünə bərabər çıxış imkanlarına layiqdirlər", - hesabatda belə deyilmişdi.
“Ancaq qeyd etmək yerinə düşərdi ki, gender bərabərliyi cəmiyyətlərin çiçəklənməsi üçün eyni dərəcədə fundamental əhəmiyyət kəsb edir... Dünyanın ümumi istedad kütləsinin yarısından düzgün istifadənin təmin edilməsinin bütün dünyada iqtisadiyyat və biznesin inkişafı, rəqabətliliyi və gələcəyə hazırlığında böyük payı var". Hesabatda bu fikir də vurğulanmışdı.