İran prezidenti Həsən Ruhaninin qardaşı Huseyn Firudin saxlanılıb, ölkə ədliyyəsinin rəsmisi bildirib.
Təfərrüatları açıqlanmayan maliyyə məsələləri ilə bağlı zaminə buraxılma şərtlərini təmin edə bilməyən Hüseyn Firudin həbsxanaya aparılıb.
Bundan əvvəl onun adı rəsmilərlə əlaqəli olan dövlət sığorta şirkəti müdirlərinin şişirdilmiş maaş cədvəli qalmaqalında çəkilmişdi.
Hüseyn Firudin, qanunsuz hərəkətlərə yol verdiyi barədə ittihamları həmişə rədd edib.
Bu məsələ bir ilə yaxındır kı, prezident Ruhani üçün narahtlıq yaradıb.
Ədliyyə nümayəndəsinin sözlərinə görə, Hüseyn Firudinlə bağlı istintaq davam edir, araşdırmalar nəticəsində bəzi şəxslər həbs olunub.
Ədliyyə rəsmisi bildirib ki, Hüseyn Firudin zaminə buraxılma şərtlərini yerinə yetirən kimi, azad buraxılacaq.
Hüseyn Firudinin hansı ittihama əsasən həbsxanaya salındığı açıqlanmır.
"Maaş cədvəli" kimi tanınan qalmaqal ötən il, yüksəkvəzifəli müdirlərin maaşı ictimaiyyətə sızandan sonra başlayıb.
Belə ki, bəzi müdirlərin maaşı dövlət qulluqçularının minimum maaşından 50 dəfə çox olub.
Bu məsələ prezident Ruhani hökümətinin nüfuzuna xələl gətirib.
May ayında Həsən Ruhani ikinci müddətə İranda prezident vəzifəsinə seçilib.
Seçkinin ilk mərhələsində o, 57% səs qazanıb.
Lakin seçki kampaniyası gedişində o, korrupsiya məsələsinə görə tənqid olunub.
Qızğın keçən televiziya debatları zamanı prezident Ruhani, qohumlarının adı çəkildiyi korrupsiya ittihamlarının araşdırılmasına əngəl yaratmaqda itiham olunmuşdu.
Səslənmiş tənqidi çıxışlar arasında bəzi nazirlərin qanunsuz idxalla əlaqəli olması və prezidentin dövlət əmlakını mənimsəməsi barədə ittihamlar da yer almışdı.