Ata: ''Vətən xainidirsə güllələsinlər, niyə işgəncə verirlər?''
“İnsanları vətən xaini edib öldürürlər. Bizim kənddən də bir nəfərin meyitini gətirdilər. Ailəsini yaxına buraxmadılar, özləri basdırıb getdilər. Onunla eyni gün Şəmkirə də bir nəfərin meyitini aparıblar. Həmin şəxsin atası hamı dağılışandan sonra məzarı açıb. Nə görsə yaxşıdır?! Meyitin üstündə salamat yer qalmayıb. O dərəcədə pis döyüblər”.
Bu barədə Ucarın Şahlıq kəndinin sakinləri məlumat veriblər. Onlar bir müddət öncə kənd sakini Rəşid Qulu oğlu Mirzəquliyevin nəşinin də hərbçilər tərəfindən gətirilərək kənd qəbristanlığında dəfn edildiyini deyirlər:
“Basdırandan sonra kimsəni qəbrə yaxın getməyə qoymurlar. Ancaq Şəmkirdən olan hərbçinin atası məzarı gecə saat 4-də, gizlicə açmışdı. Məlum olub ki, oğlunu döyüb öldürüblər. Ata məsələni böyüdüb. O, vətən xainidirsə güllələnib öldürülsün. Belə işgəncə kimsəyə rəva deyil. Hərbçilərin yaxınları belə düşünürlər”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucarın Şahlıq kənd bələdiyyəsinin sədri Arif Əhmədovla əlaqə saxlayıb. Arif Əhmədov Rəşid Mirzəquliyevin həqiqətən də öldüyünü və kənd qəbristanlığında dəfn edildiyini təsdiqləyib:
“Hərbçilər gətirib dəfn etdilər. Səbəbini nə bizə, nə də ailəsinə dedilər. Odur ki, biz o uşağın necə, hansı şəraitdə öldüyünü bilmirik. Bu barədə məlumatım yoxdur”.
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.