Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.
Məlumata görə, söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
"Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirdi, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verdi".
Xəbərə görə, İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən də danışıb.
Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
İ.Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığı bildirib.
Prezident, məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı, həmçinin Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Xatırlatma İyulun 10-da İstanbul şəhərində Türkiyənin prezidenti Receb Tayyib Erdoğanın rəhbərliyi ilə 22-ci Dünya Neft Konqresi işinə başlayır. Tədbirdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, nazirləri iştirak edəcək. Azərbaycan prezidenti İlham Əliyev də konfransda iştirak Türkiyəyə səfər edib.