"İki aylıq dava-qırğından sonra Əfqan Muxtarlının işinin araşdırılmasını prokurorluq öz üzərinə götürdü".
Abzas.net xəbər verir ki, bu sözləri Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Gürcüstan baş prokurorluğunda görüşdən sonra bildirib.
L.Mustafayeva deyib ki, ilk olaraq istintaq departamentinin rəhbəri Teimuraz Nachkebia ilə görüşüb.
"Detallı danışdıq. Dedim ki, Əfqanın oğurlanmasında şübhəli bilinən dövlət məmurları məsuliyyətə cəlb olunmalıdı. Sərhəd Xidməti Polisindən tutmuş Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə qədər".
Muxtarlının xanımı prokurorluqda Azərbaycan hökumətinin Gürcüstan prokurorluğunun müraciətinin cavabsız qoyması ilə bağlı məsələyə də toxuduğunu deyib:
"Azərbaycan tərəf bir aydan çoxdur Gürcüstan prokurorluğunun Əfqandan ifadə alması ilə bağlı müraciətinə cavab verməyib. Belə olan halda hər iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın davam etdirilməsinə dair müqavilə sual altına düşür və bu məsələ ilə bağlı Azərbaycan tərəfə əməkdaşlığın dayandırılacağına dair xəbərdarlıq etməlidirlər".
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini bildirir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycana təhvil verilib.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlıya Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist hakim ailənin Gürcüstandakı biznesi, ordudakı yeyinti və digər mövzularla bağlı bir sıra araşdırma yazılarının müəllifidi.