ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə baş tutan görüşünün yekunu üzrə bəyanat yayıb.
Görüşün yekununda nazirlər həmsədrlərin bu il yüksək səviyyədə görüş təşkil etmək təklifini prezidentlərinə çatdırmaqla bağlı razılığa gəliblər.
Öz növbəsində, vasitəçilər iki ölkənin prezidentinin görüşünün təşkilinə yardımlarını təklif ediblər.
İyulun 11-də baş tutan görüşdə həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunub.
Nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən bir araya gəlməyi qərara alıblar.