Gürcüstanın Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforması Azərbaycan Jurnalisti və aktivisti Əfqan Muxtalının işi ilə bağlı bəyanat yayıb. Bu barədə 65 QHT-nin adından Milli Platforma məlumat yayıb.
Abzas.net xəbər verir ki, platforma araşdırmanın təxirə salındığını və ictimaiyyətə hələ də detallı məlumat verilmədiyini bildirib.
Gürcüstanın 65 təşkilatı tələb edir ki, hökumət ictimaiyyəti istintaq prosesi ilə bağlı məlumatlandırmalı, iş obyektiv araşdırılmalı və cinayətkarlar cəzalandırılmalıdır.
Sənəddə deyilir ki, müxtəlif ölkələrdən olan rəsmilər, beynəlxalq insan hüquqları təşkilatları, Avropa Birliyi, vətəndaş cəmiyyəti və Milli Platforma Gürcüstan hökumətini işin ətraflı, şəffaf və vaxtında aparması ilə bağlı tələblərinə baxmayaraq istintaq təxirə salınıb və ictimaiyyətə detallı məlumat verilməyib. Azərbaycan jurnalisti isə hələ də həbsdədir.
"Əlavə olaraq, Avropa Parlamenti Əfqan Muxtarlının işi ilə bağlı qəbul olunmuş xüsusi qətnaməsində bildirir ki, Gürcüstan hökuməti jurnalistin yoxa çıxmasında təhlükəsizlik xidmətinin şübhəli əlaqələrinin olması məsələsinə aydınlıq gətirməlidir", - bəyənatda deyilir.
Gürcüstan QHT-ləri bildirir ki, yuxarıda qeyd olunanlarla bərabər, imza atan təşkilatlar istintaqın gedişatı, işin obyektiv araşdırılması və cinayətkarların cəzalandırılması barədə ətraflı məlumatın ictimaiyyətə təqdim olunmasını tələb edirlər.