Gözəl Bayramlının səhhəti pisləşib

Gözəl Bayramlının səhhəti pisləşib
18 İyul 2017
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlının səhhəti pisləşib.

Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib.

Vəkil iyulun 17-də təcridxanada G.Bayramlıya baş çəkib.

“Gözəl Bayramlı osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Artıq dizində iltihab yaranıb, ayağını qatlaya bilmir. Bu səbəbdən çətinliklə yeriyir”, – Z.Sadıqova Turan-ın müxbirinə bildirib.

Vəkilin sözlərinə görə, G.Bayramlı təcridxanada effektiv müalicə almır.

“Gözəl Bayramlı dəhşətli ağrılarının olduğunu deyir. Həkimlər isə ancaq ağrıkəsici kimi “diklofenak” iynəsi vururlar”, – vəkil bildirib.

Onun sözlərinə görə, G.Bayramlıya telefonla danışmağa icazə verilmir.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbayel Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib. Rəsmi bəyanatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib.

Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə qoyublar və onun həbsi siyasi xarakter daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun