"Gözəl Bayramlının müalicəsi üçün şərait yaradılmır" - vəkil Elçin Sadıqov

"Gözəl Bayramlının müalicəsi üçün şərait yaradılmır" - vəkil Elçin Sadıqov
8 İyul 2017
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalst Əfqan Muxtarlının səhhətində problemlər var. "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində video müraciətində bildirir.

Vəkil hər üç şəxslə saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.

“Təcridxanada Ə.Muxtarlının müalicəsi üçün şərait yoxdur. İsti yemək olmadığından mədə ağrıları kəskinləşib. Soyuducuda yer olmadığından ərzaq saxlaya bilmir. Gürcüstanda yaşayan yaxınları ilə telefonla danışmasına imkan verilmir", - deyə vəkil bildirib.

Gözəl Bayramlının ayaq oynağında şişlər var. Müalicəyə şərait yaradılmır. Yalnız ağrıkəsicilər vururlar. Bu da onun mədə sistemində başqa ciddi problemlər yaradır.

Elçin Sadıqov bildirib ki, G.Bayramlıya vəkilləri ilə danışmağa imkan verilmir. Odur ki, əgər istədiyi şəxslərlə telefonla danışmasına icazə verilməsə gələn həftə aclıq aksiyasına başlayacaq.

Ə. Orucovla bağlı indiyədək heç bir istintaq hərəkəti aparılmayıb. Onu demək olar ki, təcrid edilmiş vəziyyətdə saxlayırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun