1 İyul 2017
Mətni dəyiş
Gözəl Bayramlı ilə bağlı istintaq hərəkəti aparılıb. Xanım siyasətçiyə məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında istintaqın qərarı elan olunub.
Abzas.net xəbər verir ki, bu barədə xanım siyasətçinin vəkili Əsabəli Mustafayev məlumat yayıb.
Vəkilin sözlərinə görə, onlar ekspertizanın keçrilməsinə razı olmayıblar.
"Sərhəddə saxlanılan zaman Gözəl xanım zədə almışdı. İndi həmin xəsarətlə bağlı tibbi ekspertiza keçirmək istəyirlər. Biz məsləhətləşərək belə qərara gəldikdik ki, artıq bu ekspertizanın keçirilməsinə zərurət yoxdur, çünki uzun zaman keçdiyi üçün xəsarətin mövcudluğunu və dərəcəsini müəyyən etmək mümkün deyil. Bu fikri Gözəl xanım protokolda qeyd etdi.Gözəl xanımla söhbət əsnasında məlum oldu ki, onun səhətindəki problemlər həddindən artıq kəskinləşib. Bu onun həyatına ciddi təhlükə yaradır. Həkimlər dəfələrlə müayinə ediblər, ancaq müayinənin cavabını gizlədirlər. Müayinə nəticəsində heç bir müalicə təyin olunmayıb" - deyə Ə.Mustafayev bildirib.
Vəkil deyir ki, Tbilisdən gələrkən onun üzərində olan reseptlər və dərimanlar da ona verilməyib. Eyni zamanda onun telefon zəngi hüququ ciddi surətdə məhdudlaşdırılıb.
"Artıq 3 həftədir ki, heç kimlə telefon əlaqəsi saxlaya bilmir. Bu hal da ona güclü mənəvi və psixoloji zərər vurur, səhətindəki problemləri daha da gücləndirir" - deyə vəkil bildirib.
Əsabəli Mustafayevin sözlərinə görə, ona qarşı olan bu qanunsuz basqılar haqqında Gözəl xanım Ombudsman Elmira Süleymanovaya müraciət edib.
"Gözəl xanım müraciətində Ombudsmandan şəxsən onunla görüşməyi tələb edib. Çünki bu basqılar Gözəl xanımın həyatına təhlükə yaradır. Hesab edirəm ki, Ombudsman siyasi məhbus qadının həyatına yaranmış təhlükəni araşdırmaq üçün Gözəl xanımla şəxsən görüşməli və onu dinləməlidir. Vəkillər də öz tərəfindən bu məsələlərin hüquqi müstəvidə həllinə səy göstərəcəklər" - deyə xanım siyasətçinin vəkili Əsabəli Mustafayev bildirib.
Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbael rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.