Fransa 2040-cı ilə qədər benzin və dizel ilə çalışan avtomobillərin satışını dayandıracaq.
Ekologiya naziri Nikola Yulo tərəfindən elan edilmiş bu addım ölkənin Paris İqlim Sazişinə əsasən emissiya hədəflərinə çatmaq üçün atılıb.
Hədəfin asanlıqla reallaşmayacağını qeyd edən nazir əlavə edib ki, Fransanın avtomobil istehsaçıları Peugeot-Citroen və Renault bu çətinliklərin öhdəsindən gəlmək gücündədir. Fransa hal-hazırda Avropada satılan elektriklə çalışan avtomobillərin ən böyük istehsalçısıdır.
Fransa belə iddialı hədəflə çıxış edən ilk ölkə deyil. Daha öncə Hindistan 2030-cu ilə qədər satılan bütün avtomobillərin elektriklə çalışan olmasını istədiyini, Norveç isə 2025-ci ilə qədər dizellə çalışan avtomobillərin satışını dayandırılacağını elan etmişdi. Almaniya isə öz növbəsində qarşısına 2020-ci ilə qədər ölkədə elektriklə çalışan avtomobillərin sayını 1 milyona qədər artırılmasını məqsəd qoyub.
Elektriklə çalışan avtomobillərin nəhəng bazarı olan Çində 2016-ci ildə 500,000-dən çox bu cür avtomobil modelləri satılıb.
Əlavə olaraq qeyd edək ki, çərşənbə günü Volvo 2019-cu ilə qədər ənənəvi mühərrikli avtomobillərin istehsalını dayandıracağını bildirib.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının verdiyi məlumata görə, 2016-cı ildə Qərbi Avropada satılan avtomobillərin yalnız 3.6 faizi ya hibrid, ya da elektriklə çalışan avtomobil olub.