2 İyul 2017
Mətni dəyiş
"Formula-1" üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər keçirildiyindən yarışın vaxtı dəyişdirilib:
"Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli.
Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur.
Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq".
"Formula-1" üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.