Fərman Ceyranlı: "Mən və 6 nəfər diktator İlham Əliyevin şəxsi girovlarıyıq"

Fərman Ceyranlı: "Mən və 6 nəfər diktator İlham Əliyevin şəxsi girovlarıyıq"
14 İyul 2017
Mətni dəyiş

Tbilisi şəhər Məhkəməsində Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

F.Ceyranlının hüquqlarını Gela Nikolashvili-nin rəhbərlik etdiyi vəkil heyəti müdafiə edir. Məhkəmə barədə Azadlıq Radiosuna vəkillər məlumat verib.

Vəkillər məhkəmə qarşısında F.Ceyranlının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Vəsatət rədd edilib.

Məhkəmə vəsatətin rədd edilməsini cərrahın qaça bilmə ehtimalının olması ilə izah edib.

Klinika rəhbəri müxalifət ilə maliyyə əlaqələrini qəti şəkildə inkar edib

Fərman Ceyranlı məhkəmə prosesində Azərbaycan prezidenti İlham Əliyevin şəxsi məhbusu olduğunu deyib. Bu barədə isə Azadlıq qəzeti məlumat dərc edib.

Tanınmış cərrah məhkəmədə bildirib ki, Gürcüstan prokurorluğu onu Əliyevin sifarişi ilə təqib edir. Klinika rəhbəri Azərbaycan müxalifəti ilə maliyyə əlaqələrini qəti şəkildə inkar edib.

“Əliyevin şəxsi girovu və məhbusuyam. Mən və həbsdə olan 6 nəfər diktator Əliyev tərəfindən təqib edilir. Mən həkiməm və siyasətlə heç bir əlaqəm yoxdu. Klinikaya pasient gələndə onun siyasi baxışları ilə maraqlanmıram".

Fərman Ceyranlı deyib ki, Gürcüstan prokurorluğu onu siyasi əlamətlərə görə Əliyevin sifarişi ilə təqib edir. Onun sözlərinə görə, ittiham olunduğu məsələnin heç bir hüquqi əsası yoxdur.

Məhkəmə iyulun 25-də davam etdiriləcək.

Xatırlatma

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet"də müayinə və müalicəsinə şərait yaratmasıdır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun