Fərman Ceyranlı: 'Mən siyasi məhbusam'

Fərman Ceyranlı: 'Mən siyasi məhbusam'
25 İyul 2017
Mətni dəyiş
"Mənim fəaliyyətimdə heç bir qüsura yol verməmişəm. Mən siyasi məhbusam"

Bu gün, iyulun 25-də Tbilisi şəhər Məhkəməsində keçirilən prosesdəki çıxışında azərbaycanlı cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlı belə deyib.

Məhkəmə prosesi haqda Turan agentliyinə cərrahın vəkilləri məlumat veriblər. F.Ceyranlını Gela Nikolashvili və Natia Bezhashvili müdafiə edir.

Cərrah sifarişdən danışıb

Vəkillərinin deməsinə görə, F.Ceyranlı bildirib ki, ona irəli sürülən ittihamlar quramadır, ona heç bir aidiyyəti yoxdur. Rəsmi ittihamda qeyd olunan hallara görə qətiyyən hüquqi məsuliyyət daşımadığını vurğulayan cərrah sifarişlə həbs olunduğunu ifadə edib.

Onun deməsinə görə, Azərbaycan hökuməti onun həbs edilməsini sifariş edə bilərdi. Cərrah məhkəmədəki ifadəsində həmçinin deyib ki, həbsindən əvvəl Azərbaycan hökumətinin nəzarətində olan mediada barəsində yalan məlumatlar yayıb.

F.Ceyranlı məhkəmədən işə ədalətlə baxılmasını istəyib. Onun vəkilləri isə cərraha irəli sürülmüş ittihamlar üzrə çıxış ediblər.

Vəkilləri də "siyasi sifarişdir" deyir 

Vəkillərdən Gela Nikolashvili dələduzluq ittihamının əsassız olmasından bəhs edib. Onun deməsinə görə, ittihamda adı keçən xəstə kassaya ödəniş edib, bununla bağlı ona qəbz də verilib. Həm də xəstə tibb xidməti əvəzində ödəməli olduğu vəsaitin hamısını kassaya keçirməyib.

"Belə olan halda heç bir maliyyə yeyintisindən, dələduzluqdan söhbət gedə bilməz", - deyən vəkil söylədiklərini isbat edən sənədləri məhkəməyə təqdim edib. Üstəlik, vəkil də siyasi sifarişin olmasını istisna etməyib.

Digər vəkil Natia Bezhashvili isə çıxışında xüsusi vurğulayıb ki, cinayət işi materiallarında pozuntulara yol verilib.

"Onu klinikanın direktoru kimi göstəriblər. Halbuki, klinikanın direktoru tamamilə başqa şəxsdir, Fərman Ceyranlı təsisçidir. Təsisçinin isə hansısa xəstəni yoxlamaq hüququ yoxdur", - deyən vəkil rəsmi ittihamların yalnız direktora, müalicə həkiminə irəli sürülə biləcəyini vurğulayıb.

Vəkilin bildirməsinə görə, təsisçilər ittihamlardakı hallar üzrə heç bir cavabdehlik daşıya bilməz.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

Xatırlatma

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lanset" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet"də müayinə və müalicəsinə şərait yaratmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun