Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Abzas.net xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Maqsud Mahmudovun epizodu üzrə dinləmələr keçirilib.
Dindirilən şahid Marik Şamilov bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşdüyündən, aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb:
“Torpağın bələdiyyə sənədi vardı. Üstündən 2 il keçəndən sonra həmin torpağa gəlib baş çəkdim. Gördüm ki, burda tikinti gedir. Orda duranlara dedim ki, bu, mənim torpağımdır. Dedilər, torpağın yiyəsi indi gələcək. Gözlədim, Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra həmin torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Lakin həll olunmadı”.
Şamilov bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib:
“Həmin şəxslər mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Oraya ünvanlı, kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.
Zərərçəkən Maqsud Mahmudov Marik Şamilovun şikayətindən sonra MTN-ə çağrıldığını qeyd edib:
“MTN-ə getdim, 120 min tələb olundu. Pulu bir təhər tapıb verdim. Oranın əməkdaşı Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı MTN əməkdaşlarının da ifadələrində var”.
Təqsirləndirilən polkovnik Azər Mehdiyev bildirib ki, həmin ərəfədə “Atletlər kəndi”ndə keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub:
“Bu dediyi vaxtlarda mən işə gəlmirdim. “Atletlər kəndi”ndə olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin gün Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.
Elçin Quliyev bu işlə bağlı intihar etmiş İlqar Əliyevin ifadələrinə görə burada olduğunu bildirib:
“İlqarın ifadələrini mənə təqdim etməyiblər. Dedilər ki, dövlət sirri təşkil edir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacağam. Mən çox şeylər danışacağam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Uzun illər xüsusi xidmət orqanında çalışmışam. İşimdə cinayət əməli hiss etsəydim, o birilər kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-toxumu da tapa bilməzdilər”.
“Məni MTN-ə apardın, deyirdiniz ki, dövlətə xəyanət eləmisən, bəs məni niyə həbs edə bilmədiniz?”,- deyə Maqsud Mahmudov Elçin Quliyevin ifadəsinə cavab verib.
Elçin Quliyev də öz növbəsində Mahmudova cavab verib və hər MTN-ə gətirilənin həbs edilmədiyini qeyd edib: “Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb dindirilmisən".
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Hakim mübahisəyə son vermək məqsədilə onlara xəbərdarlıq edib.
Daha sonra Bakı Hərbi Məhkəməsində keçirilən iclasda zərərçəkən Maqsud İbrahimovun epizodu üzrə dinləmələr davam edib.
Təqsirləndirilən polkovnik Azər Mehdiyev şahidlərin yalan danışdığını bildirib.
Bu zaman zərərçəkən Maqsud Mahmudov yerindən replika ilə çıxış edərək Azər Mehdiyev və general Elçin Quliyevə etiraz edib: “İndi belə çıxır ki, hamı yalan danışır, bir bu şəxslər düz deyir”.
Təqsirləndirilən Elçin Quliyev isə Ayaz Gərayzadə və digərlərinin yalan danışdığını bildirib. Maqsud Mahmudov növbəti dəfə etiraz edib: “Elçin Quliyev kimi geydirmə generallar şərəfli generalların adına ləkədir”.
Bu zaman Maqsud Mahmudova xəbərdarlıq edib və zaldan çıxardıb.
Daha sonra prosesdə Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin dalqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə ittiham olunaraq məhkum olunmuş Tərlan Hüseynovun işi üzrə dinləmə olub.
Proses iyulun 21-də davam edəcək.
Xatırlatma
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.