Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Təminat Şöbəsinin rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynov Bakıda yol qəzası törədib.
Hadisə aeroport yolunda baş verib. Polis rəisinin idarə etdiyi "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "Azəravtoyolservis" ASC-yə məxsus "KamAZ" markalı su maşınına çırpılıb.
Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.
Cabir Hüseynov qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.