'Dövlət güvənc yerimiz olmalıdır, ancaq bizi əzən mexanizmə çevrilib' [Müsahibə]

'Dövlət güvənc yerimiz olmalıdır, ancaq bizi əzən mexanizmə çevrilib' [Müsahibə]
28 İyul 2017
Mətni dəyiş

AMEA-nin Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlunun prezident İlham Əliyevə açıq məktubu gündəmin ən çox müzakirə olunan məsələlərindəndir.

Media və sosial şəbəkələrdə bununla bağlı müxtəlif yanaşmalar sərgilənir. Müraciətin məqsədi, gözləntiləri və digər suallarla bağlı Yasəmən Qaraqoyunluya müraciət etdik.

- Yasəmən xanım, sizin prezident İlham Əliyevə müraciətiniz media və sosial şəbəkələrdə maraq doğurdu. O mənada ki, AMEA-nin hər hansı sıravi üzvünün belə cəsarətli və sərt müraciətinə rast gəlinməmişdi. İşdən azad olunacağınız daha çox müzakirə edilirdi. Bu mənada sizə təzyiqlər başlayıbmı?

- Əvvəla, mənə təzyiqlər ilin başlanğıcında, qış aylarında oldu, hətta işdən azad olunmağım da gündəmə gətirilmişdi. Bizim instituta Hacı Xalid Bəşər adlı şəxs gəlmişdi, onu kim, niyə göndərmişdi, hardan gəlmişdi, naməlum qalırdı. O, direktor İlham Məmmədzadənin qarşısında dəfələrlə məsələ qaldırdı ki, Yasəmən Qaraqoyunlu müxalifətçidir, onu işdən uzaqlaşdırın.

"Büdcə təşkilatlarında çalışan müxalifətçini düşmən kimi qələmə verirlər"

- Səbəb yalnız bu idimi?

- Bəli, guya mən müxalifətçiyəm. Bizim ölkəmizdə hər hansı büdcə təşkilatlarında çalışan müxalifətçini dövlətin düşməni kimi qələmə verirlər. AMEA kimi bir yerdə dövlət-hakimiyyət-müxalifət anlayışlarını hələ aydın dərk etmirlər. Eşitdiyimə görə, güclü təzyiqlərə rəğmən direktor İlham Məmmədzadə məni qorudu, çıxarılmağıma imkan vermədi. Ancaq əleyhimə Dövlət Təhlükəsizlik Xidmətinə məktublar da yazıldı, əsas mahiyyət ondan ibarət idi ki, mən bütün konfranslarda çıxışlar edirəm. Halbuki hər hansı alim, AMEA işçisi cəmiyyətdə gedən bütün proseslərə fəal reaksiya verməlidir, çünki ictimai şüuru formalaşdıran akademiya işçisidir. Mən də AMEA işçisi kimi üzərimə düşən vəzifəni yerinə yetirmişəm. Amma ittihamların əsası bu idi ki, bütün konfranslarda iştirak edir, vəssalam.

Sanki akademiyada işləyiriksə, səhər tezdən gəlib dörd divar arasında oturmaqla ictimaiyyət qarşısında borcumuzu yerinə yetirməliyik. Bax, belə aşağı səviyyəli şüar var. Mən isə cəmiyyətlə təmaslarımda çox aktiv olduğuma görə tənqid olunmuşam və DTX-ya yazılan məktublarda da bu məqam xüsusi vurğulanıb. Sualınızın məğzinə gəlincə, bu məsələni prezidentdən soruşun, özüm də başıma nələr gələcəyini bilmirəm. Çünki Azərbaycanda vətəndaşın öz hüququnu tələb etməsi böyük cəzalarla qarşılanır. Ancaq yenə də suala prezident cavab verməlidir. Mən bir dövlət müəssisəsində elmi işçiyəm, çox dəyərli əsərlər yazıb alim olmaq istəyirəm. Bilmirəm, işdən çıxaracaqlar, ya yox. Amma məni bundan məhrum etsələr, bu, mənim üçün intihar olardı. Ona görə ki, elmə çox bağlıyam, məni elmdən ayırsalar, bəlkə də intihar edərəm.

"Yoldaşım sutkanın 18 saatını işləyir, illərlə bu çalışqanlığın qarşılığında xərçəng xəstəliyinə tutulub"

- Hazırda maddi durumunuz necədir?

- Təsəvvür edin ki, 20 ildir kirayədə yaşayırıq, maddi imkanlarımız o dərəcədə aşağı səviyyədədir ki, bunu sözlə ifadə etmək çətindir. Mən 200 manat əmək haqqı alıram, onunla ailəmizi saxlayırıq, yoldaşımın maaşını isə  kirayəyə veririk. O, sutkanın 18 saatını işləyir, illərlə bu çalışqanlığın qarşılığında xərçəng xəstəliyinə tutulub və indiyə qədər 4 dəfə əməliyyat keçirib. Biz hər ay ev sahiblərinin kirayə haqqını çatdırmaq stressini yaşayırıq, əks təqdirdə yaşamaq yerimizi itirə bilərik, belə olan halda vəziyyətimizi təsəvvür etmək çətin deyil.

"Bu gün mən susdurulmuş alim vicdanı görürəm. Ciddi alim görmürəm, ciddi alim rəzalətə son deyər"

- Milli Azadlıq Hərəkatının iştirakçısı olmusunuz. O zaman AMEA bu prosesdə fəal olub, bu mənada o dövrkü akademiyayla indiki arasında fərq nədən ibarətdir?

- Bu gün alimlər o qədər aclıqla imtahana çəkilib ki, hər bir elm adamının ailəsində böyük sosial problem var. Alimlər o dərəcədə səfalət içindədir ki, “necə edim ailəmə bir tikə çörək aparım” düşüncəsindən çıxa bilmir. Bu gün mən susdurulmuş alim vicdanı görürəm. Ciddi alim görmürəm, ciddi alim qalxıb bu rəzalətə son deyər. Əvvəlki dövrdə böyük bir milli ruh vardı, indi bu yoxdur. Hazırda alimlər ailəsini necə dolandırmaq barədə düşünür.

- Ancaq həmin alimlər 70 illik sovet imperiyasının yetirmələri idi...

- Sovet dövründə bu qədər rəzalət və səfalət yox idi. İndi vəziyyət 25-30 il əvvəlkindən xeyli ağırdır, o zaman alimə indikindən qat-qat çox maaş verilirdi, ev növbəsi olurdu, alim məqaləsinə görə qonorar alırdı, kitablarını dövlət nəşr etdirirdi, bu gün bunlardan məhrumuq. Biz məqalələrimizi öz pulumuzla çap etdiririk.

Elmə belə qayğımı olur?

- AMEA-da maaş nə qədərdir?

- Elmlər namizədləri 250 manat, elmlər doktoru 300 manat, professorlar 500 manata yaxın maaş alırlar. Tutaq ki, min manat maaş oldu, bu əmək haqqı məqalələrini tərcümə etməyə, xaricə konfranslara getməyə və ailənin saxlanmasına çatırmı? Xeyr. Azərbaycanda elmi öldürüblər! Mən xarici ölkələrdə keçirilən konfranslara dəvət alıram, amma yol pulum olmadığından qatıla bilmirəm. Hazırda bir məqaləm ingilis dilinə tərcümə olunur, səhifəsi 8 manatdır, pulum olmadığından ödəyib yazını götürə bilmirəm, məqalə Rumıniyada nəşr olunan jurnala göndərilməlidir, gözləyirlər. Belə elmə qayğımı olur?

"Yaşaya bilmirsinizsə, bu ədalətsizliklərə niyə susursunuz?"

Bu yaxınlarda AMEA üzvlərinə mənzil verilməsi gündəmə gəlmişdi və mübahisələr, narazılıqlar mətbuata da çıxdı, bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, AMEA-ya mənzil ayrılsa belə, bizə verilməyəcək. Çünki siyahılar gizli tərtib olunur, proses şəffaf aparılmır, akademiyanın ən yüksək təbəqəsində olanlar həmin mənzilləri mənimsəyəcəklər. AMEA-nin prezidenti Akif Əlizadə bu məsələnin hesabatını mətbuata, cəmiyyətə və dövlət başçısına verməlidir. Niyə mənzillərin verilməsi qapalı aparılır? Ümumiyyətlə, AMEA prezidentinin akademiya barədə hesabatına rast gəlmisinizmi? O necə prezidentdir ki, AMEA işçilərinin sosial vəziyyətini ölkə rəhbəri qarşısında nəinki qaldırmaq, heç müdafiə edə bilmir və Nazirlər Kabinetinə, parlamentə gedib bu məsələni qaldırmır? Yaxud alimləri götürün, akademiyaya ayaq basdınsa, hamının “yaşaya bilmirik” deyə sosial vəziyyətindən narazılıq etdiyini görürsən. Bəs yaşaya bilmirsinizsə, bu ədalətsizliklərə niyə susursunuz?

"Mən 200 manat maaşla necə alim ola bilərəm?"

Bu cəmiyyət və prezident bizimdir, alimlər, AMEA işçiləri ölkə rəhbəri ilə dialoqa gedib bu məsələləri açıq şəkildə müzakirə etməlidir. Axı ev, yaxud sosial vəziyyətin ağırlığını gündəmə gətirmək dövlət əleyhinə siyasi çıxış deyil. Biz öz haqlarımızı tələb etməklə dövlətimizə xəyanət və ya cinayət etmirik. Normal demokratik ölkələrdə sosial problemlər ictimai diskussiyaya çıxarılaraq aradan qaldırılır. Mən bunu Azərbaycanda görmürəm. Əslində, həmin müraciətimlə prezidentimlə dialoq qurmaq istədim. Ki, əsərlərimi hansı evdə yazım, mənim heç yazı masam yoxdur. Mən 200 manat maaşla necə alim ola bilərəm? 2 övladımı necə saxlayım? Niyə qaldırdığım adi, elementar sosial problemlər mənim işdən çıxarılmağımla nəticələnməlidir?

"Cənab prezident, ayıl, gör ölkəndə nələr baş verir, duruma nəzarət et!"

Bu təhlükə qalırmı?

- Bilmirəm, amma hər şey ola bilər. İnanmaq istəməzdim ki, prezident səviyyəsində belə bir addım atılsın. Niyə mən insani haqqımı tələb etdiyim üçün işdən çıxarılmalıyam? Ümumiyyətlə, mən elmi aşırı dərəcədə sevirəm. Öz haqqımı tələb etdiyimə görə işdən çıxarılmağım intiharım olardı. Hələ elmdə sözümü yeni deməyə başlamışam. Sadəcə, məsələ qaldırıram ki, cənab prezident, ayıl, gör ölkəndə nələr baş verir, bu duruma nəzarət et!

-  Akademiyada sizin kimi düşünənlər varmı?

- Akademiyada hər kəs sosial-iqtisadi vəziyyətdən narazıdır. Amma bunu dilə gətirən cürət sahibləri yoxdur. Çünki hamı işdən çıxarılacağından qorxur. İnsanlarımız dövlətə güvənmir. Dövlət bizim güvənc yerimiz olmalıdır, ancaq hər şey əksinədir, dövlət bizi əzən və səfalət yaşadan mexanizmə çevrilib.

"Alimlər məni müdafiə etsəydilər, öncə özlərini müdafiə edərdilər"

- Bu gedişatla Azərbaycan elmi üçün gözləntiləriniz varmı?

- Azərbaycan elmi çökdürülüb. Prezidentə müraciətimdə məqsədim bu idi ki, akademiyanın rəhbərliyini dəyişsin, AMEA-ya gəlsin, işçilərlə açıq görüş keçirsin, problemlərimizi həll etsin. Baxın, evsizliklə, qul kimi yaşamaqla elm yaratmaq olmaz, elmə yatırım qoyulmalı, alimə hörmət edilməlidir. Biz bacarıqsız deyilik, ancaq üzümüzə bütün yolları qapayıblar və cəmiyyətdən də təcrid ediblər. Mən cəmiyyətdə fəal olduğuma görə öz iş yerimdə nə qədər təzyiqlərə məruz qalmışam. Akademiyada fəal alimə öyrəşməyiblər, səhər işə gəl, çay iç, iki-üç dəyərsiz məqalə yaz, vəssalam! Kitab yazırlar, amma yeni söz yoxdur, bununla alim olmaq mümkün deyil. Alim cəmiyyətinin və dövlətinin inkişafına təkan verən, problemlərdən xilas yolunu göstərən şəxsdir. Mən alimlərimizi buna çağırıram.

- Dəstək verəcəklərmi?

- Yox, məni müdafiə etməyəcəklər. Çünki bizim alimlərin şüurları siyasi-sosial səviyyədə deyil ki, öz həmkarlarını müdafiə etsinlər. Mən problemlərimi tənha çəkəcəm. Onlar məni müdafiə etsəydilər, öncə özlərini müdafiə edərdilər.

Müsahibə: Natiq Cavadlı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun