Deputatın bəstəkar qızı: "Rüşvəti və yerlibazlığı Bakıya rayon adamları gətirib"

Deputatın bəstəkar qızı: "Rüşvəti və yerlibazlığı Bakıya rayon adamları gətirib"
4 İyul 2017
Mətni dəyiş

“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır".

Abzas.net xəbər verir ki, bu fikirləri əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə paylaşıb.

Bəstəkar bildirib ki, onun bu məsələdə nə qədər səmimi olduğu mahnılarının ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması da sübut edir.

Yerlipərəst və qohumbaz olmadığını bildirən bəstəkar yerlibazlıq söhbətlərini Bakıya sonradan gələnlərin dəbə gətirdiyini vurğulayıb:

"Ümumiyyətlə, heç bir vaxt "filankəs bakılıdır" deyə, onu üstün tutaq söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb, bunu da anlayıram. Amma bu Bakını sevməməyə səbəb deyil”.

A.Səmədzadə bildirib ki, Bakı onun üçün doğmadır, çünki bu romantika məhz doğmalıqdan yaranır.

"Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır. Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər".

Bəstəkar qeyd edib ki, Azərbaycanı sevir, Azərbaycanın hər qarışı onunçün vətəndir və Azərbaycanın hər qarış torpağı da, suyu da, çörəyi də, ağacı da doğmadır.

"Gəlin nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən mərd olar, deməzsən dərd olar", - deyə A.Səmədzadə deyib.

Əməkdar incəsənət xadiminin fikrincə, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradılıb. O, firkini bununla əsaslandırıb:

“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur…”

Aygün Səmədzadə deputat, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin qızıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun