"Son 3 ayda manatın məzənnəsinin dollara nisbətdə aşağı-yuxarı 1.70 səviyyəsində qalması bir çox səbəblərlə bağlıdır. Burada həm manata təzyiqin aradan qaldırılması, həm inflyasiyanın aşağı səviyyədə saxlanması kimi məqamlar var".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Azadlıq Radiosuna manatın durumunu şərh edərkən belə deyir.
Onun sözlərinə görə, manatın bu səviyyədə saxlanması iqtisadi aktivliyin azaldılması və manatın dövriyyəsinin sıxılması sayəsində mümkün olub.
Amma V.Əhmədov hesab edir ki, əlavə vəsaitlər tələb olunarsa, investisiya yatırımlarına zərurət yaranarsa, o zaman manata təzyiqlər artacaq:
"Dövriyyədə manat kütləsinin sıxılması uzunmüddətli ola bilməz, çünki bu, həm iqtisadi aktivliyi ciddi şəkildə azaldır, həm daxili məhsul istehsalının artımına mənfi təsir göstərir, həm də real sektorun inkişafına, bir tərəfdən də bankların əsas vəzifəsi olan kreditləşdirməyə imkan vermir".
İqtisadçı: "13 milyardlıq dövriyyə 7 milyarda qədər azalıb"
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, son 3 ayda manatın məzənnəsinin sabit qalması inzibati üsulla tənzimlənmənin nəticəsidir.
Ekspert bildirir ki, indiki sabitliyi saxlaya bilmək üçün manatın 12-13 milyardlıq dövriyyəsi 7 milyard manata qədər azaldılıb, iqtisadi canlanma yoxdur:
"Amma bu addım iqtisadi geriləməni belə dayandıra bilməyib. Məsələn, keçən il Ümumi Daxili Məhsulda azalma sürəti 1.3% olubsa, bu il 0.9% olub, həm də nəzərə alın ki, bu, hələ rəsmi rəqəmlərdir".
[caption id="attachment_5040" align="aligncenter" width="1280"] Natiq Cəfərli[/caption]N.Cəfərliyə görə, bu durum uzun müddət belə davam edə bilməz, əvvəl-axır "sabit manat, yoxsa iqtisadi canlanma" seçimi bütün kəskinliyi ilə özünü göstərəcək.
Deputatdan nikbin, iqtisadçıdan bədbin proqnoz
Deputat Vahid Əhmədov da gec-tez "sabit manat, yoxsa iqtisadi canlanma" arasında seçim olacağını deyir. O əlavə edir ki, artıq ölkədə beynəlxalq miqyaslı bəzi tədbirlər başa çatdığından, manatın real bazar dəyəri məsələsi həllini tapmalıdır.
Deputat maliyyə siyasətinin dəyişməz qalacağı halda ölkənin inkişafı baxımından problemlər yarada biləcəyini düşünür.
Bununla belə, V.Əhmədovun fikrincə, hökumət 2017-ci ilin sonuna kimi manatın indiki səviyyədə qalmasını təmin etməyə çalışacaq.
Ekspert Natiq Cəfərli avqustun ortalarından maliyyə vəsaitlərinə ciddi ehtiyac yaranacağını deyir:
"Tədris ili ərəfəsində paltardan tutmuş dərs ləvazimatınadək alınması lazım gəlir və bu da 300-400 milyon manat vəsait tələb edir. Bundan əlavə, həmin vaxt ilin son rübü də yaxınlaşır, büdcə xərcləmələrinin əksər hissəsi bu rübə təsadüf edir, odur ki, maliyyə vəsaitləri tələb olunacaq".
N.Cəfərli bu yerdə xarici amilləri də unutmur, neftin qiymətinin sabit qalmaması, FED-in uçot dərəcəsini daha 1-2 dəfə qaldıra bilməsi ehtimalından danışır:
"Mənim fikrimcə, bu tələbat ciddi devalvasiya yaratmasa belə, ilin sonunda dolların 1.92 həddinə yüksələcəyini göstərir".