Deputat: “Bu, SOCAR-ın gücsüzlüyüdür”

Deputat: “Bu, SOCAR-ın gücsüzlüyüdür”
15 İyul 2017
Mətni dəyiş

Benzinin bahalanmasına iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə reaksiya verib: “Benzin bahalaşdı. Növbədə hansı məhsullardır?”

İqtisadçının fikrincə, yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.

“Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də, bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”, - İbadoğlu qeyd edir. 

İqtisadçının qənaətincə, qiymətlərin bu səviyyədə bahalanması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək, bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq.

Dünyada benzinin qiyməti

Qubad İbadoğlu benzinin qiymətini bəzi ölkələrlə müqayisə edib: “Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib”.

İbadoğlu hökumətin bu addımının səbəbini də izah edib: “Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur və məlum qərarı ilə məqsədli şəkildə ümumi qiymət artımını stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan "sabitliyi" davam etdirmək istəyinə də xidmət edir”.

Deputat: “Qiymətin aşağı salınması üçün İlham Əliyevin müdaxiləsi lazımdır”

“Tarif Şurasının bu qərarı doğru qərar və doğru addım deyil”. Deputat Fərəc QuliyevTarif Şurasının benzinin bahalanması ilə bağlı qərarını bu cür dəyərləndirib.

O bildirib ki, bəzi hallarda Tarif Şurası “belə yanlış addımlar” atır.

F.Quliyev hesab edir ki, bəzi hallarda olduğu kimi indi də qiymətin aşağı salınması üçün dövlət başçısı İlham Əliyevin müdaxiləsi lazımdır: “Onsuz da son 6 ayda 10-15 % bahalanma baş verib, hökumət maaşların artırılması əvəzinə belə addımlar atır. Bununla yanaşı əhaliyə kompensasiyalar da nəzərdə tutulsa idi bunu yenə də anlamaq olardı”.

Deputatın qənaətincə, benzinin qiymətini artırmaqda hökumətin məqsədi büdcəni doldurmaqdır.

“Hesab edirəm ki, bu doğru addım deyil, qiymət məsələsinə yenidən baxmaq lazımdır”, - Fərəc Quliyev bildirib.

Fazil Mustafa: “Bu daxili bazarı qorumağa yönəlib”

“Tarif Şurasının bu qərarı daxili bazarı qorumağa yönəlib və mahiyyəti budur”. Deputat Fazil Mustafa benzin bahalanması ilə bağlı Tarif Şurasının qərarını belə şərh edib.

Bununla belə deputat deyir ki, bu qərarın əhaliyə mənfi təsiri çox olacaq: “Devalvasiya özü ciddi yoxsulluğa səbəb olub. Bir tərəfdən iş yerləri bağlanıb, dollar bahalanıb, əhalinin kredit borcları qalmaqdadır, belə bir şəraitdə əhalinin sosial təminatını gücləndirmək üçün islahatlar aparılmalı idi, ancaq bu baş vermədi. Həm də təhsil, tibb sahəsində maaşlar çox aşağı səviyyədə qalır”.

F.Mustafa deyir ki, bu qiymət bahalaşması əhalinin az təminatlı hissəsinə təsir etməklə yanaşı, digər sahələrdə də bahalaşmaya səbəb ola bilər və belə halda əhalini bazarın təsirindən qorumaq çətinləşir.

“Ümumiyyətlə, bu qərarı mənfi dəyərləndirirəm, bu SOCAR-ın zəifliyinin nəticəsi və göstəricisidir”. Bitərəf deputat Rövşən Rzayev benzinin bahalanması ilə bağlı qərarı belə qiymətləndirib.

Deputat daha sonra bunları deyib: “Bu qərarı verənlər dövlət başçısının xalqa bağlı hansı addımları atdığına diqqət etsəydilər, buna getməzdilər. Ölkə, xalq uğurlar əldə edir, bunun nəticəsi olaraq xeyli insan şəxsi avtomobil sahibidir, odur ki, bu bahalanmanı çox uğursuz addım hesab edirəm və mənfi dəyərləndirirəm”.

XATIRLATMA

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Bu barədə qərarı iyulun 14-də gecə saatlarında Tarif Şurası verib. Qərar digər markalı benzinlərə aid deyil. Qərar iyulun 15-dən qüvvəyə minir.

Qiymətinin nisbətən ucuz olmasına görə, indiyə qədər Azərbaycanda sürücülərin əksəriyyəti Aİ-92 markalı benzindən istifadə edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun