Azərbaycanda ölkədaxili sərnişin və sürət qatarlarında qiymətlər fərqli olacaq.
Abzas.net xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC qiymətlərin qaldırılamasına əsas kimi sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmağı və çevik tarif tənzimlənməsini göstərir.
Məlumata görə, iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
Ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.
"Azərbaycan Dövlət Yolları" bankrot ərəfəsindədir?İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, "Azərbaycan Dəmir Yolları"nda qiymət artımının səbəbi aydındır.
"Bu dövlət şirkəti, onun rəhbərliyi, rəhbərliyin arxasında duranlar bərbad idarəçilik, korrupsiya mexanizmlərinə görə həm dövlət büdcəsindən aldığı dotasiyaları, həm də beynəlxalq kreditləri "basıb-yeyiblər". İndi "ADY" bankrot ərəfəsindədir, xarici borcunu qaytarmaq üçün vətəndaşın cibinə girib qiyməti artırır".
N.Cəfərli deyib ki, bu qərar çox vacib indikatordur. Dövlətin və dövlətə aid oliqarxik şirkətlərin borclarını əvvəl-axır, birbaşa və ya dolayısı ilə mütləq vətəndaş qaytarır.
"Bilin ki, sabah Azərenerjinin borcunu elektrik enerjisinin, SOCAR-ən borcunu yanacağın və qazın, AZAL-ın borcunu biletlərin qiymətini artırmaqla bizim – vətəndaşın belindən və cibindən çıxaracaqlar...", - deyə ekspert bildirib.