"Bu işlərə səbəb olan Əli Abbasov azadlıqdadır, biz isə içəridə"

"Bu işlərə səbəb olan Əli Abbasov azadlıqdadır, biz isə içəridə"
26 İyul 2017
Mətni dəyiş

Rabitə işi: "İllərlə bu sahədə əziyyət çəkmişəm. Mən milyonlar görməmişəm."

İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və onunla birlikdə mühakimə edilən digər şəxslərin növbəti məhkəmə iclası keçirilib. Bu barədə Meydan TV məlumat verib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev son sözlə çıxış edib. O, ittihamların əsassız olduğunu bildirib:

“Biz məhkəmə dövründə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Amma təəssüflər olsun ki, vəsatət təmin edilmədi. Mən sübut edə bilərəm ki, Maliyyə Nazirliyinin tərtib etdiyi yoxlama materialları tamamilə formaldır və göstərişlə yazılıb. Mənim günahım yalnız ondan ibarətdir ki, əlavə əməkhaqqı almışam və onun vergisini ödəməmişəm. Buna görə vəkillərimə dedim ki, mənə bəraət istəməyin. Mən bəraət alacağam".

Digər təqsirləndirilən "Optik Qurğular" İdarəsinin sabiq rəisi, təqsirləndirilən Namazəli Məmmədov da son sözlə çıxış edib. İttihamları qəbul etmədiyini və hər zaman dövlətə sadiq qaldığını deyən N.Məmmədov bildirib ki, bəraət hökmünün çıxarılmasını istəyir:

“Hər zaman rabitəçi kimi öz nüfuzumu qoruyub saxlamışam. Bu adı heç kim kirlətməsin. Əli Abbasovdan da bunu gözləməzdim. İllərlə bu sahədə əziyyət çəkmişəm. Mən milyonlar görməmişəm. Bu işlərə səbəb olan Əli Abbasov azadlıqdadır, biz isə içəridə”.

Təqsirləndirilən şəxslərdən “Rabitə Mülki Tikinti” MMC-nin sabiq direktoru Emin Məmmədov da ittihamların şişirtmə olduğunu deyib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qəmbər Bəybalayev isə barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Proses iyulun 26-da davam edəcək. Həmin gün hökm elan ediləcək.

Xatırlatma

Dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.

B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun