“Cari ilin ilk 5 ayında Ümumi Daxili Məhsulun həcmi 25338,7 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb, o cümlədən, qeyri-neft ÜDM-nin həcmi 14918,5 milyon manat təşkil edib”.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” layihəyə verdiyi Rəydə öz əksini tapıb.
Rəsmi məlumata görə, yanvar-may aylarında qeyri-neft ÜDM-nin real artım tempi 2,3% olub. Təhlili aparılan dövrdə sənaye məhsulunun həcmi 15710,5 milyon manat, o cümlədən, qeyri-neft sənayesinin həcmi 3638,4 milyon manat olmaqla əvvəlki ilə nisbətən 3,9% artım nümayiş etdirib.
İstehlak məhsullarının və xidmətlərin qiymətləri 13,8% artıbİqtisadiyyatın prioritet sahələrdən hesab edilən aqrar sektorda məhsul həcmi 1532,6 milyon manat, real artım tempi 2% olub. İnformasiya və rabitə xidmətləri üzrə isə artım 4,9% təşkil edib. İlk 5 ayda əhalinin nominal gəlirlərinin həcmi 18613, 9 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 7,3% artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 520,5 manata çatıb. 2017-ci ilin yanvar-may aylarında əsas kapitala 5671,7 milyon manat məbləğində ,vəsait yönəldilib.
2017-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,1% artıb.
İxracın artımını şərtləndirən əsas amil
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, yanvar-may aylarında xarici ticarət dövriyyəsinin həcmi 7267 mln. ABŞ dolları, o cümlədən həmin məbləğin 4450,1 mln. ABŞ dollarını ixrac, idxal isə 2816,9 mln. ABŞ dolları təşkil edib. Müsbət saldo 1633,2 mln. ABŞ dolları olub. Ötən ilin eyni dövründə isə mənfi saldo qeydə alınıb. İxracın artımını şərtləndirən əsas amil neft hasilatının azalmasına baxmayaraq, dünya bazarlarında qiymətin yüksəlməsi, həmçinin təbii qaz hasilatının həcminin əhəmiyyətli artımı ilə əlaqələndirilir.