Biznesmenin cənazəsi iyulun 12-də Azərbaycana gətiriləcək

Biznesmenin cənazəsi iyulun 12-də Azərbaycana gətiriləcək
4 İyul 2017
Mətni dəyiş

Səfir: "Mənim onunla şərik olmağım haqda məlumatlar istintaqı yayındırmaq məqsədi daşıyır"

Çexiya paytaxtı Praqada qətlə yetirilən azərbaycanlı iş adamı Rəşad Qafarovun cənazəsinin iyulun 12-də Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bildirib ki, cənazənin Azərbaycana gətirilməsi ilə bağlı mərhumun ailəsinə konsulluq yardımı göstərilir.

Səfir bu barədə APA-ya danışıb.

Diplomat biznesmenin ölümünün səbəbləri barədə onlara hələlik rəsmi məlumatın verilmədiyini də deyib:

“Polis tərəfindən şifahi şəkildə bildirilib ki, onun öldürüldüyü güman edilir. Məhkəmə tibbi ekspertizanın rəsmi nəticələri də hələ yoxdur.

Rəşad Qafarov 2008-ci ildən burada xüsusilə yükdaşıma və nar şirəsinin satışının təşkili işi ilə məşğul idi. 2015-ci ildə onun “Panalpina” şirkəti ilə problemi yaranmışdı. Azərbaycanda məhkəmə də olmuşdu. Lakin bu məsələ sonradan həll olundu, tərəflər razılığa gəldi. Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporunda da nüfuza və müsbət imicə malik idi”.

Fərid Şəfiyev Raşad Qafarovla işgüzar münasibətlərinin olması barədə məlumatlara da münasibət bildirib: 

“Bu xəbərlər böhtan xarakteri daşıyır. Mən dövlət məmuruyam, işgüzar münasibətlərim ola bilməz. Bu məlumatlar istintaqa mənfi təsir göstərir. Çünki mənbəyi açıqlanmır. Onun bütün biznes tərəfdaşları Çexiyada məlumdur. Bu məlumatları açıq şəkildə internetdən də əldə etmək olar. Azərbaycanda da hansı şirkətlərlə işlədiyi məlumdur. Ona görə də hesab edirəm ki, bu, istintaqı yayındırmaq məqsədi ilə yayılan məlumatdır. Bu böhtanla bağlı ölçü götürülməlidir”.

İyulun 3-də Çexiyanın "Nova TV" televiziyası azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarovun maşınında ölü tapıldığı barədə məlumat yayıb.

Onun üzərində bıçaq xəsarətlərinin olduğu deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun