Azərbaycanda iyulun 14-də Aİ-92 markalı avtomobil benzinin qiyməti 20 qəpik artırlaraq 90 qəpik (0,53 dollar) olub.
Tarif Şurasının qərarı geniş tənqidlərə yol açıb. Qiymət artımı sosial şəbəkələrdə son günlər əsas müzakirə mövzusudur. Bir çox insanlar hökumətin qərarını iroiniya ilə qarşılayır. Müstəqil ekspertlər və müxalif siyasi partiyalar iqtidarı kəskin tənqid edib.
Tarif (qiymət) Şurası tarif dəyişikliyini “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olması ilə izah edir.
“Hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir”, Tarif Şurasının məlumatıda deyilir.
Tarif Şurasının əsaslandırmasını siyasi liderlər və ekspertlər qəbul etmir.
Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb ki, iyunun 14-də hökumətyönümlü media Heydər Əliyevin millətə qayğısından, İlham Əliyevin bu yola sədaqətindən şirin nağıllar danışırdı, amma günün sonunda nağıl bitdi. “Alma əvəzinə göydən Tarif Şurasının "şənbə sürpirizi" düşdü. Nəticədə benzinin qiyməti 20 qəpik, yəni 30 faizə yaxın bahalaşdı. Millət Tarif Şurasının üstünə düşüb. Amma benzini bahalaşdıran bilavasitə İlham Əliyevdir. Onun iradəsindən kənar bu məmləkətdə heç kim qiymət qaldıra bilməz”.
Onun sözlərinə görə, qiymət artımınından üç gün əvvəl 2017-ci ilin birinci yarısının social-iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında ölkə başçısı gurultulu bir nitq söyləyib.
“İnkişafın Azərbaycan yolu, xalqın sosial müdafiəsinin gücləndirilməsi, işsizliyin və yoxsulluğun minimum həddə endirilməsi haqqında real həyatdan uzaq olan rəqəmlər səsləndirdi. Qeyd edilən "böyük" uğurların xalqın həyatında təcəllası üç gün sonra benzinin qiymətinin 20 qəpik həcmində artırılmasında tapdı. Yəqin bu artımdan sonra büdcəyə daxil olacaq əlavə vəsaitlər sonrakı 6 ayın yekinlarının inkişaf indeksində yer alacaq”, o qeyd edib.
Milli Şuranın sədri hökumtin qiymət artımının əsaslandırmasını “ağlabatan iqtisadi izah” olmadığını bildirib.
“Sosial fəlakət həddinə sürüklənən cəmiyyət SOCAR-ın bədxərcliyinin girovuna çevrilib. Eyni təbii və fiziki şərtlər daxilində SOCAR nefti qonşu ölkələrlə müqayisədə 20-30 faiz baha çıxarır. Malların və xidmətlərin qiyməti sünü şəkildə şişirdilir. Böyük vəsaitlər korrupsiyaya yem olur, bədəlini isə əhali ödəyir.
SOCAR-ın məhsullarının 70 faizi ölkə içində Azərbaycan vətəndaşlarına, Azərbaycan iş adamlarına satılır. Ölkənin işgüzar həyatı pozulduğu üçün ilin əvvəlində benzin istehlakı 5,5 faiz azalıb. Deməli qiymət artımı üçün bazardan tələb gəlmir. 2017-ci ilin əvvəlindən bəri ölkədə ərzaq məhsullarının qiyməti orta hesabla 18 faiz artıb. Benzinin qiymətinin artırılması qiymət artımına əlavə stimul vermək deməkdir. Deməli normal islahat keçirib social həyatı tənzimləmək əvəzinə, islahat adı altında qiymətləri artırıb xalqın cibinə girməyi stimullaşdırırlar”, Həsənli qeyd edib.
Milli Şuranın sədri xatırladır ki, Azərbaycan yeganə ölkədir ki, dünya bazarında neftin qiyməti 2 dəfə düşəndə daxili bazarda enmə olmayıb.
“İkincisi, neft istehsalçısı olan Azərbaycan niyə neft idxalçısı olan Gürcüstan, Belarus, Ukrayna və digər respublikalarla müqayisə edilməlidir”.
“Azərbaycan istehsalçı ölkə olduğu halda qiymətlər hansı səbəbdən neft istehsalçısı olmayan ölkələrlə müqayisə edilir?” deyə sual edir.
“1 litr "Aİ-92" markalı avtomobil benzinin qiyməti Azərbaycanda 0,53 ABŞ dolları oldu. Sual yaranır: biz özümüzü niyə Qazaxıstanla deyil, ABŞ-la müqayisə edirik. Axı, Azərbaycandan fərqli olaraq ABŞ-da müəllimə, işçiyə, məmura, pensiyaçıya ayda 80-120 dollar deyil, minimum 3000-5000 dollar əmək haqqı və pensiya verirlər. Biz hələ BƏR, Oman, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistan kimi bir vaxtlar üçüncü dünya sayılan neft ölkələrdəki sosial təminatları demirik. Ona görə də, 14 iyulda Tarif Şurasının benzinin qiymətinin artırılması haqqında qərarının bircə adı var: soyğunçuluq, xalqın cibinə girmək, yarıtmaz siyasətin bədəlini millətə ödətdirmək, büdcə kəsirinin hesabını vətəndaşa kəsmək”, Milli Şuranın sədri hökumətin siyasətini tənqid edir.
AXCP sədri Əli Kərimli benzinin qiymətinin qaldırılmasını hökumətin siyasətinin uğursuzluğu kimi qiymətləndirir.
“Biz tez-tez SOCAR-dakı korrupsiyadan, həmin nəhəng korrupsiyanın hesabının bir gün bizə ödətdiriləcəyindən yazırdıq? Təəssüf ki, vaxtında millət olaraq bu təhlükəni görüb, “Talana son!” mitinqlərinə hamılıqla dəstək olmadıq. Budur, nəticə qapımızın ağzındadır”.
Onun fikrində benzinin qiymətinin artmasının iki əsas səbəbi var.
“1. SOCAR-ın pis idarə olunması, SOCAR-dakı irimiqyaslı korrupsiyanın milyardları yoxa çıxarması. Beynəlxalq idman oyunlarına, Avropa futbol klublarına sponsorluq da daxil olmaqla, bir çox mənasız xərclər və israfçılığın SOCAR-ı çökdürməsi. Nəticədə ölkənin əsas sərvətinə sahib olan bu şirkətin müflisləşmək həddinə çatdırılması.
2. Rejimin xalqımızın dözümlü olmasına əminliyi. Əvvəllər də yanacağın, enerji daşıyıcıların qiyməti qalxıb. Milli Şura dəfələrlə həm enerji daşıcılarının qiymət artımına, həm də bütövlükdə ölkədəki korrupsiya və talana etiraz etmək üçün mitinqlər təşkil edib. Bu problemlər hamını əhatə etsə də, biz meydanda əsasən AXCP üzvlərini, Milli Şura təəssübkeşlərini görmüşük. Qiymət artımından, talançılıq siyasətindən, devalvasiyadan, cəmiyyətdəki dəhşətli sosial problemlərdən əziyyət çəkən 100 minlər, milyonlar isə “biz siyasətə qarışmırıq” bəhanəsilə etiraz hərəkatından kənarda qalıb. Rejim xalqımızın hamılıqla etiraz etməyəcəyinə əmin olduğuna görə belə anti-xalq qərara imza atıb”, o qeyd edib.
Kərimli hesab edir ki, benzinin bahalaşması növbəti bahalaşma dalğası yaradacaq.
“Ət və dərmanlar artıq bahalaşıb. Ardınca nəqliyyat xərclərinin, onun da ardınca Azərbaycanda istehsal olunan hər şeyin qiymətinin artması gəlir.
Hələ də prezident aparatından heç kim danışmayıb, Tarif Şurasının bu qərarı özbaşına verdiyini, İlham Əliyevin bundan xəbərinin olmadğını deməyib. Necə desinlər? Məscid deyil ki, söküləndən sonra əvvəlki kimi bərpası mümkün olmasın. Desələr xəbəri yoxdur, gərək qərarı ləğv etsinlər. Bunu isə etməyəcəklər”.
AXCP sədrinini fikrincə, növbəti qiymət artımı İlham Əliyevin, onun vitse-prezidentinin siyasətinin uğursuzluğudur.
“Dövlət səviyyəsində korrupsiyanın bütün ölkələrdə nəticəsi belə acınacaqlı olur. Növbəti bahalaşma hakimiyyətin korrupsiyanı himayə etmək, azad mətbuatı, müstəqil məhkəmələri, azad rəqabəti boğmaq, xalqla hesablaşmamaq siyasətinin məntiqi nəticəsidir. Onların dəyişməsini istəyiriksə, əvvəlcə gərək özümüz dəyişək. Dövlətdən oğurlanan hər bir manatın bizim cibimizdən getdiyinin fərqində olaq. Korrupsioner sistemi dəyişmək üçün hamılıqla qolumuzu çırmayaq!”, müxalifət lideri yazır.
Sosial şəbəkələrdə Milli Məclisin deputatın Aqil Abbasın “benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşılayıram”, deməsi də kəskin tənqidlər doğurub. Bəzi şərhlərdə deputatın dedikləri hətta “sarkazm” kimi də qəbul edilir.
“Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram. Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz.
Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini (Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev 1969-cu il iyulun 15-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi - Azərbaycanın rəhbəri təyin edilib-red.) xüsusi gün kimi qeyd eləsinlər”, deputat qeyd edib.