BBC News: Gürcüstan azərbaycanlı jurnalisti oğurlamağa kömək edib?

BBC News: Gürcüstan azərbaycanlı jurnalisti oğurlamağa kömək edib?
19 İyul 2017
Mətni dəyiş

Gürcüstanın paytaxtı Tbilisinin küçələrində bir azərbaycanlı müxalif jurnalistin yoxa çıxması özünü demokratiya flaqmanı hesab edən ölkədə fəlakətə səbəb oldu. Bu barədə BBC-nin xüsusi müxbiri Rayhan Demytrie Cənubi Qafqazdan xəbər hazırlayıb. 

Mayında 29-da Əfqan Muxtarlı Tbilisidə bir kafedə dostu ilə görüşüb. Saat 19:00-da xanımı Leyla Mustafayevaya zəng edib jurnalist bildirib ki, o evə gəlir. Amma 2015-ci ildən etibarən Gürcüstanda məcburi sürgündə yaşayan azərbaycanlı jurnalist Muxtarlı evə gedib çıxa bilmədyib.

Tbilisidəki kiçik bir mərtəbəli evinin bağçasında danışan Leyla deyir ki, “Çox pis bir şey olduğunu düşündüm. Düşündüm ki, onu öldürüb meşəyə atıblar”.

Əfqan Muxtarlı Azərbaycan hökumətini açıq tənqid edirdi. Ölkədən qaçmazdan əvvəl o, Müdafiə Nazirliyində korrupsiyanı ifşa edən bir sıra araşdırmalar aparmışdı.

“2014-cü ildə Azərbaycan hökuməti öz tənqidçilərinə təzyiqləri gücləndirmişdi. Əfqan jurnalist Xədicə İsmayılova ilə işləyirdi, o həbs olundu. Sonra hökumət “Azadlıq” radiosunu bağladı və Əfqan bu işlə bağlı sorğu-sual edildi”, - deyir Leyla.

Açıq viza siyasətinə malik olan Gürcüstan bir çox azərbaycanlı siyasi fəallar və jurnalistlər üçün seçim ünvanına çevrildi.

Yoxa çıxdığı ərəfədə Muxtarlı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adından Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstandakı ailə biznesi haqqında araşdırma aparırdı.

“Mən çox xoşbəxt idim, … ən azı o sağ idi”

Oğurlandığı iddia ediləndən sonra, səhəri gün Leyla ərinin sağ olduğunu, Azərbaycanda polis nəzarətində saxlandığı xəbərini alıb.

Muxtarlı Bakı şəhərindəki vəkilinə bildirib ki, onu gürcü polis forması geyən adamlar qaçırıb maşında döyüb, başına torba keçirib, sonra ciblərini pulla doldurub Azərbaycan təhlükəsizlik qüvvələrinə təhvil veriblər.

Gürcüstanın Baş naziri Giorgi Kvirikashvili isə Gürcüstan dövlət orqanlarının bu işdə iştirakını qətiyyətlə rədd edir.

"Demokratiyalar bunu etməz"

Azərbaycanın sərhəd nəzarətçiləri və prokuror deyir ki, Muxtarlı böyük miqdarda qeyri-qanuni pulla Gürcüstan-Azərbaycan sərhədindən keçərkən saxlanılıb. Bakıda onun haqqında üç aylıq həbs qəti-imkan tədbiri seçilib və cinayət məsuliyyətinə cəlb olunub.

“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz ölkələri üzrə direktoru Georgi Gogia deyir ki, “Rusiyada yoxa çıxan, sonra Mərkəzi Asiyada tapılan şəxslər haqqında sənədlərə rast gəlinə bilər. Lakin heç kəs belə bir hadisənin Gürcüstanda baş verəcəyini gözləmirdi.”

Tbilisidə bir neçə etiraz aksiyası təşkil edildi, bəzi etirazçılar Muxtarlı ilə həmrəylik üçün başlarına torba keçirdilər. Bu jest populyar televiziya şousunda Giorgi Gabunia tərəfindən də təkrarlandı. O, Daxili İşlər Nazirinin müavini Shalva Khutsishvili ilə müsahibə zamanı başına qara torba keçirdi. Nazir buna etiraz olaraq müsahibədən imtina etdi.

Khutsishvili Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Muxtarlının Gürcüstan-Azərbaycan sərhədinə necə çatdığını, ora öz istəyi və ya zorakılıqla aparıldığının araşdırıldığını bildirdi:

“Gürcüstanın hüquq-mühafizə orqanlarının hər hansı bir qurumunun bu hadisə ilə bağlılığını tamamilə istisna edirəm”, – deyə nazir müavini bildirdi.

Gürcüstanlı müstəntiqlər Azərbaycan hakimiyyətindən Muxtarlı ilə canlı görüş üçün icazə istəyib. Khutsishvili deyir ki, bu cür dəlillər olmadan araşdırmaların nəticələrini ictimaiyyətə çatdırmaq qeyri-mümkündür.

Ticarət tərəfdaşları

Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşı və əsas enerji tədarükçüsüdür. Gürcülər tərəfindən istifadə edilən təbii qazın 90%-dən çoxu Azərbaycandan gəlir, həmçinin ölkə ordan benzin və dizel idxal edir.

Azərbaycan da Avropaya neft ixracı üçün Gürcüstandan asılıdır. Dünyanın ən uzun kəmərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Gürcüstandan keçir və o, Azərbaycanın əsas gəlir mənbələrindən biridir.

Muxtarlının vəkili Elçin Sadıqov onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyini və mayın sonlarında həbs olunduğundan bu yana 16 kiloqram çəki itirdiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun