"AZAL" elan etdiyi tenderdən imtina edib

"AZAL" elan etdiyi tenderdən imtina edib
25 İyul 2017
Mətni dəyiş

Milli aviaşirkət 100 min ton reaktiv aviayanacağın alınmasından ötrü elan etdiyi tenderin davamından imtina edib. Səbəb göstərilmir.

İl ərzində bir neçə yüz min ton aviasiya yanacağı istifadə edən «Azərbaycan Hava Yolları» QSC uzun fasilədən sonra iyulun 8-də ilk dəfə müsabiqə əsasında satınalma elan etdi. Bunadək aviaşirkət bütün ehtiyaclarını satınalmalara baş vurmadan ödəyirdi. Qanunvericiliyin sərtləşdirilməsi ilə AZAL da tender elan etməli oldu.

AZAL-IN MÜBAHİSƏLİ QƏRARI

AzadlıqRadiosu iyulun 14-də məsələ ilə bağlı dərc etdiyi məqalədə bu predmet üzrə tenderin təşkilinin əhəmiyyətsizliyini əsaslandırmağa çalışdı. Məsələ burasındadır ki, Azərbaycanda təyyarə yanacağının bir istehsalçısı və təchizatçısı var, o da SOCAR-dır. Qanunvericiliyə əsasən, təchizatçısı təbii inhisar subyekti olan bir mənbədən mal (iş və xidmət) birbaşa müqavilə əsasında alına bilər.

AzadlıqRadiosu tenderin davamından imtinayla bağlı AZAL-ın tender komissiyasına müraciət edib. Lakin burada sualları cavablandıracaq şəxs tapılmayıb. Dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində isə bildiriblər ki, məsələ ilə əlaqədar AZAL-dan yazılı izahat tələb olunub.

QƏRAR NAZİRLİKDƏ TƏSDİQ OLUNMALIDIR

«Dövlət satınalmaları haqqında» qanuna görə, tenderin davamından bir neçə halda imtina oluna bilər. Bunlardan biri tenderdə iştirak üçün təklifi vermiş iddiaçıların sayının 3-dən az olmasıdır. Lakin tenderdə iştirak etmək üçün ərizələr hələ avqustun 18-dək qəbul ediləcəkdi. Digər ciddi səbəb isə tender predmetinin maliyyələşdirilməsinin dayandırılması ola bilərdi. Bu səbəb də inandırıcı görünmür, çünki yanacaq olmadan təyyarə hərəkət edə bilməz.

Qanunvericiliyə əsasən, AZAL-ın tenderin davamından imtina qərarını İqtisadiyyat Nazirliyi təsdiq etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun