Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi "Formula1"-i məhkəməyə verib

Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi "Formula1"-i məhkəməyə verib
9 İyul 2017
Mətni dəyiş

Azərbaycanda jurnalist və hüquq müdafiəçisi "Formula-1"i məhkəməyə veriblər. Onu insan hüquqlarının pozulmasında, hərəkət və istirahət hüququnun məhdudlaşdırılmasında ittiham ediblər.

İkinci ildir ki, Bakıda keçirilən "Formula-1" Qran-pri yarışları şəhər əhalisinin həyatına təsir göstərib. 3 kilometr uzunluğunda dənizkənarı bulvarın köhnə hissəsi bileti olmayanların üzünə qapalı olub. Bulvara giriş ancaq "Formula 1"-ə bileti olanlara açıq olub.

Müstəqil jurnalist Tatyana Kryuçkina və hüquqşünas Samirə Ağayeva bu faktı özbaşınalıq və insan hüquqlarının kobud pozulması hesab ediblər və məhkəməyə müraciət etmək qərarına gəliblər.

"Formula-1"-in keçirildiyi heç bir ölkədə yarışlar paytaxtın mərkəzində olmur. İnsanlar sərbəst hərəkət edə bilmir, iş yerinə vaxtında çata bilmir. Çünki nəqliyyatla bağlı problem yaranır. Bu azmış kimi normal dincələ bilmirlər. İyunun 23-də biz bulvara getmək istədik, ancaq olmadı. Polis əməkdaşları və könüllülər bizi saxlayaraq bildirdilər ki, bulvara giriş bağlıdır.

Bulvar ictimai obyektdir və heç kim vətəndaşların orada gəzməsinə qadağa qoya bilməz. Əgər kimsə ölkədə yarışlar keçirmək istəyirsə, bundan ötrü xüsusi treklər inşa etsinlər və vətəndaşların hüquqlarını pozmasınlar. Azərbaycan "Formula-1" ilə 10 il müddətinə müqavilə bağlayıb. 5 ildə yarışların keçirilməsi məcburidir. Yəni, insan hüquqları hələ 3 il pozulacaq. Odur ki, biz məhkəməyə müraciət etmək qərarına gəldik", - T.Kryuçkina bildirib.

Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, iddia ərizəsində sərbəst hərəkət hüququnun pozulduğu göstərilib.

"Hərəkət azadlığı hüququ Avropa İnsan Hüquqları Konvensiyasına 4-cü protokulun 2-ci maddəsilə tənzimlənib. Maddədə deyilir ki, heç kim insanın sərbəst hərəkətini məhdudlaşdıra bilməz. Düzdür, orada bəzi istisnalar var, ancaq bunlar "Formula-1" zamanı baş verənlərə aid deyil.

Biz həmçinin Avropa konvensiyasının 14-cü maddəsini qeyd etmişik. Burada deyilir ki, heç kim diskriminasiyaya məruz qala bilməz. Ancaq Bakıda Qran-pri günlərində bu, baş verdi. Bulvara ancaq bileti olanlar daxil ola bildi. Ancaq onlar istirahət hüququ əldə edə bildilər", - o bildirib.

Cavabdeh kimi Bulvar İdarəsi, Azərbaycanda "Formula-1" üzrə təşkilatçı- şirkət və Bakı Şəhər İcra Hakimiyyəti çıxış edir.

Hüquqşünas qeyd edib ki, əgər yerli məhkəmələr onların xeyrinə qərar çıxarmasalar, onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun