"Azərbaycan hökuməti Avropa Məhkəməsinin hakiminə rüşvət vermək istəyib"

"Azərbaycan hökuməti Avropa Məhkəməsinin hakiminə rüşvət vermək istəyib"
2 İyul 2017
Mətni dəyiş
Faktın üstünü Almaniya mediası açıb: “Hakim hədiyyəni rədd edib”
İsveçrəli deputat Fiala da deyir ki, qızıl boyunbağını rədd eləyəndən sonra Azərbaycan rəsmiləri ondan qaçırlar
Azadliq.info-nun məlumatına görə, Avropanın ən köklü strukturlarından birində deputatların ələ alınması ilə bağlı qalmaqal böyüyür. Xüsusən Azərbaycanla bağlı məsələ diqqət mərkəzindədir.
AŞPA-dakı qalmaqalla bağlı xəbərlər 2017-ci il aprelin sonlarından etibarən Avropanın bir sıra media orqanlarında yayılmağa başladı. O zaman məlum oldu ki, AŞPA-da deputatların rüşvətlə ələ alınma məsələsini araşdırmaq üçün müstəqil komissiya yaradılıb.
İyunun 30-da Almaniyanın “Deutschlandfunk” radiosu bu hadisələrlə bağlı yeni detallar üzə çıxarıb. Almaniyanın “DW” qəzeti də əsas faktları, bu mövzuda siyasilər və ekspertlərin rəylərini yayımlayıb.
AŞPA-da avtoritar dövlətlər var
“Deutschlandfunk” radiosu xatırladır ki, hazırda Avropa Şurasında 47 ölkədən 300-dən çox nümayəndə təmsil olunur ki, onlar Avropa İttifaqının heç bir strukturuna daxil deyil.
Beynəlxalq parlamentlərarası əməkdaşlıq orqanı olan və 1949-cu ildə yaradılmış Avropa Şurasında indi dayanıqlı demokratik dövlətlərlə yanaşı, qitənin avtoritar rejimləri də təmsil olunur.
AŞPA üzvü olan sosial-demokrat deputat Frank Şvabenin sözlərinə görə, ideya belə idi ki, demokratik ölkələrin bu cür avtoritar rejimlərə mənəvi təzyiq göstərməklə onları da insan haqlarına hörmət etməyə məcbur eləsinlər.
Amma belə görünür ki, reallıq fərqlidir. Təxminən beş ildir ki, AŞPA-da təmsil olunan almaniyalı deputat Şvabedə belə qənaət yaranıb ki, deyəsən, insan haqlarının müdafiəsindən yox, insan haqlarını pozan rejimlərin müdafiəsindən söhbət gedir.
“Bu təkcə o demək deyil ki, biz qarşıya qoyulmuş vəzifəni yerinə yetirə bilmirik. Biz bu cür hərəkətlərlə Avropa Şurasının mahiyyətini təhrif edirik, rejimlərə bəhanə tapmaqda yardımçı oluruq. Halbuki, qətiyyən bunu eləməməliyik”, – almaniyalı siyasətçi bildirib.
Kürü və xalçalar
“Avropa Stabillik Təşəbbüsü”  elmi-araşdırmalar mərkəzinin məsləhətçisi Cerald Knaus da bu məsələdə Şvabe ilə həmfikirdir.
“Avtoritar rejimlər Avropa Şurasının fəaliyyətinə müdaxilə ilə bağlı strategiya hazırlayıblar. Hər il AŞPA-nın təxminən 50-60 deputatına Azərbaycana səfər etmək təklif olunur. Orada həmin deputatları hədiyyələr gözləyir, əlaqələr yaradılır. Azərbaycan hökuməti səfər xərclərini özü ödəyir, AŞPA üzvləri bahalı otellərdə qalır, təyyarədə “biznes-klass”da səyahət edir. Hədiyyə kimi, onlara bahalı xalçalar verilir”, – Knaus bildirib.
Onun söylədiklərini Azərbaycanın AŞPA-dakı keçmiş nümayəndəsi Arif Məmmədov da dolayısıyla təsdiqləyib. O, Avropa mediasına Azərbaycanın xarici ölkələrdəki konsulluqlarında müəyyən adamlara veriləsi hədiyyələrin – kürü və müxtəlif ölçülü xalçaların saxlanması üçün nəzərdə tutulan kiçik otaqlar haqda danışıb.
AŞPA-da təmsil olunan isveçrəli deputat Doris Fialanın mediaya söylədikləri həmin hədiyyələrin məqsədi haqda müəyyən fikrə gəlməyə imkan verir. O, Bakıya səfəri və ona hədiyyə olunan mirvari ilə bəzədilmiş, bahalı qızıl boyunbağı haqda danışıb. Fiala o hədiyyəni qaytarıb və o vaxtdan bəri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ondan qaçır.
Amma Arif Məmmədov xatırladır ki, belə bahalı hədiyyələri heç də hamı qaytarmır. Əksinə, bəziləri verilən hədiyyələrin xanımlarının xoşuna gəlməsindən danışır. Belə parlamentarilər sonradan da o cür hədiyyələr almaqda davam edirlər.
Azərbaycan hökuməti ilə bağlı 2,4 milyonluq korrupsiya
Avropa Şurasında deputatların hədiyyə qəbul etməsi ilə bağlı dəqiq reqlament var. Alınan hədiyyənin dəyəri 200 avrodan çox olmamalıdır. Belə görünür ki, bu qaydaya əməl olunmur. Məsələn, İtaliyanın Milan şəhər prokurorluğu bir neçə aydır ki, italiyalı siyasətçi, AŞPA-nın keçmiş deputatı Luka Valonte ilə bağlı araşdırma aparır. O, Azərbaycan hökumətindən 2,4 milyon avro pul almaqda şübhəli bilinir.
“Deutschlandfunk” bildirir ki, AŞPA-nın iclaslarının keçirildiyi Strasburqda bu yaxınlara qədər “kürü diplomatiyası”ndan danışmaq istəmirdilər. Cerald Knaus xatırladır ki, Valonte ilə bağlı araşdırmalar da AŞPA-nın yox, Milan prokurorluğunun cəhdləri sayəsində aparılır.
2017-ci ilin aprelində AŞPA-nın özündə başlanmış müstəqil araşdırmalara gəlincə, belə görünür ki, qurumun hazırkı nümayəndə heyətləri və funksionerlərinin heç də hamısı bu araşdırmaların tərəfdarı deyil.
Avropa Şurası öz ruhunu avtoritar rejimə satdı
Amma ümumilikdə əhval-ruhiyyə dəyişib. Knaus yada salır ki, 2012-ci ilin mayında onlar “kürü diplomatiyası”, korrupsiya və Avropa Şurasının ideyalarına xəyanətlə bağlı materialları üzə çıxaranda ağlagəlməz bir məsələyə diqqət yetiriblər: “Təsəvvür edin, Azərbaycanda insan haqları sahəsində vəziyyət kəskin pisləşdiyi bir vaxtda AŞPA-nın bu ölkədəki vəziyyətə verdiyi qiymət yaxşılaşırdı. Bu, bir neçə il belə davam elədi. Hərçənd, Strasburqda çoxlarına aydın olmalıydı ki, bu məsələdə şübhəli nəsə var, Avropa Şurası öz ruhunu avtoritar rejimə satıb”.
Bununla belə, Knaus bildirir ki, heç də bütün Avropa strukturları “kürü diplomatiyası” mərəzinə yoluxmayıb. Məsələn, avtoritar rejimlərin Avropa Məhkəməsinin işinə müdaxiləyə nail olması haqda heç bir fakt yoxdur. Amma ən azı bir fakt var ki, Azərbaycan təmsilçiləri Avropa Məhkəməsinin hakiminə bahalı hədiyyə vermək istəyiblər, o isə rədd edib.
AŞPA-nın nüfuzu isə sual altındadır.
“Bizə etimada layiq AŞPA lazımdır. Bu da yalnız o halda ola bilər ki, təşkilat “kürü diplomatiyası” vasitəsilə orada səsvermənin nəticələrinə təsir göstərməyin mümkünsüzlüyünü sübut eləsin”, – Cerald Knaud “Deutschlandfunk”a müsahibəsində bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun