Ekspert: KPMG-nin auditor hesabatı bankın rəhbərliyini qane etməyib
"Bank Standard"ın Kreditorlar Komitəsi Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin reaksiyasını gözləyir.
"Biz Baş Prokurorluğa bu maliyyə təşkilatı xüsusunda əvvəlcə Mərkəzi Bank, sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank nəzarətinin həyata keçirilməsini araşdırmaq xahişi ilə müraciət etmişik", - deyə Kreditorlar Komitəsinin sədri, tanınmış bank eksperti Əkrəm Həsənov "Turan"a bildirib.
"Buna qədər komitəmiz Əmanətlərin Sığortalanması Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka son on il ərzində "Bank Standard"da aparılmış yoxlama aktlarının bizə təqdim edilməsi xüsusunda müraciət etmişdik. Lakin onlar bank sirrini bəhanə edərək, komitənin bu xahişinə rəsmən rədd cavabı verdilər. Mən dəfələrlə demişəm ki, belə bir dəlil yersizdir, çünki bank ləğv edilən zaman heç bir bank sirri artıq ola bilməz", - deyə Həsənov izah edib.
Onun sözlərinə görə, bundan sonra Kreditorlar Komitəsi Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməli oldu:
"Həmin idarələrdən rəsmi rədd cavabı alaraq, kreditorlar Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank nəzarəti ilə bağlı vəziyyətin birgə (kreditorlar komitəsi ilə əməkdaşlıqda - Red.) araşdırılması məqsədilə Baş Prokurorluğa müraciət etdilər. Bizə məlumdur ki, son iki ildə "Bank Standard"da xarici audit keçirilməyib.
Əldə olan məlumatlara görə, KPMG auditor şirkəti bununla məşğul olub, amma auditin nəticələri bankın rəhbərliyini qane etməyib və hesabat yarımçıq qalıb. Belə ki, KPMG 2012-ci və 2013-cü illərdə auditor yoxlaması aparıb və yoxlamanın başa çatdırıldığı haqda qərar çıxarılıb. Lakin xarici auditorun 2014-cü və 2015-ci illərdəki yoxlamalarının nəticələri, bildiyimizə görə, ilkin baxış zamanı bank rəhbərliyini qane etməyib", - deyə mühsibimiz bildirib və qeyd edib ki, bu məqam KPMG-nin məsuliyyətini azaldır və Mərkəzi Bank xüsusunda suallar doğurur.
"Belə çıxır ki, xarici auditor problemlər aşkar edib, bank onun xidmətlərindən imtina edib, Mərkəzi Bank isə bu problemləri hətta görməyib belə. Əgər bu məlumat təsdiqini taparsa, Mərkəzi Banka aid sualların dairəsi genişlənə bilər. Belə çıxır ki, AMB auditin nəticələri ilə maraqlanmayıb, bankın çətin vəziyyətə düşdüyündən xəbərdar olub, ancaq buna göz yumub. Bu səbəbdən, biz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xahiş edirik ki, AMB-nin nə üçün bu problemləri üzə çıxarmadığını və auditin nəticələrini tələb etmədiyini aydınlaşdırsın. Bu, ciddi məsələdir, çünki "Bank Standard"ın borcları onun aktivlərindən 6 dəfə çoxdur! Həm də ki, görünür, bankda problemlər, ən azı, 5-6 il bundan əvvəl yaranıb. Baş Prokurorluq yoxlama aktlarını almalı və burada təsadüfün, qəsdin və ya korrupsiyanın olub-olmadığını aşkar etməlidir", - deyə Ə.Həsənov vurğulayıb.
Keçən ilin mart ayından nəzarət funksiyası Maliyyə Nəzarəti Palatasına keçdiyindən, komitə təkid edir ki, Baş Prokurorluq bu qurumda yoxlamalar apasın və həmçinin bankın iflasında onun müvəqqəti inzibatçısının əlinin olub-olmadığını aydınlaşdırsın:
"Əgər sözügedən orqanlar və şəxslərin bankın müflisləşməsində əlinin olduğu aşkar olarsa və onların təqsiri müəyyən edilərsə, kreditorlar onlardan öz pullarını tələb edəcəklər, - deyə komitə sədri qeyd edıb.
KPMG şirkətinə gəldikdə isə, o, 2012-ci və 2013-cü illərdə audit keçirib və bankın vəziyyətini "sabit" kimi qiymətləndirib. 2014-cü və 2015-ci illərdəki auditor yoxlamaları barədə bizə heç nə məlum deyil, bundan başqa, bu məlumatı biz, necə deyərlər, dolayı yollarla almışıq və biz istəyirik ki, auditor onu rəsmən təsdiq etsin.
Onu da qeyd etmək lazımdır ki, müflisləşmə elan olunduqdan sonra KPMG şirkəti Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə bankın qalıq əmlakını qiymətləndirib. Biz hesab edirik ki, bu, mənafelər münaqişəsidir, çünki bankın iflasında şübhəli bilinənlər siyahısında olan auditor, əmlakı qiymətləndirməməli idi, axı onun obyektivliyinə şübhə edilir", - deyə Həsənov sözünü yekunlaşdırıb .
KPMG bir dünyanın peşəkar xidmətlər göstərən ən iri şəbəkələrindən biri və Deloitte, Ernst & Young və PwC ilə yanaşı Böyük Dördlüyə düşən audit şirkətlərindən biridir. Beynəlxalq qərargahı Amstelveen şəhərində yerləşir.