2018-ci ildə BMX növü üzrə velosiped yarışları dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu barədə Fransanın Bordo şəhərində Avropa Çempionatına yekun vurulması ilə bağlı keçirilən rəsmi tədbirdə bildirilib.
Abzas.net xəbər verir ki, dünya çempionatının Azərbaycanda keçirilməyi ilə bağlı Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov bildirib.
Avropa Çempionatına yekun vurulması ilə bağlı keçirilən tədbirdə çıxış edən Sahib Ələkbərov velosiped idman növünün populyarlığının gündən-günə artdığını və bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb.
Tədbirdə çempionatın təşkili və BMX idmanının inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra 2018-ci il avqustun 2-12-də Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə birləşmiş Avropa çempionatları və 2018-ci il iyunun 5-9-da Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatı haqqında təqdimatlar keçirilib.
Həmçinin tədbirdə “Bakı-2015” I Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışı, “Tour d’Azerbaidjan” veloyürüşü və digər böyük idman tədbirlər barədə hazırlanmış videoçarx nümayiş etdirilib.
Avropa milli federasiyalarının nümayəndələri Azərbaycanda keçiriləcək dünya çempionatını səbirsizliklə gözlədiklərini deyib, böyük məmnuniyyətlə ölkəyə səfər edəcəklərini bildiriblər.