2017-ci ilin yanvar-may aylarında Azərbaycan dünyanın 166 ölkəsiylə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac edilib, 159 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon dollar olub.
Məlumata görə, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 38 faizi Avropa Birliyi, 13 faizi MDB, 49 faizi isə başqa ölkələrin payına düşüb.
Əsas ixrac məhsulları
2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə meyvə və tərəvəz şirələrinin (90 faiz), tərəvəzin (68 faiz), meyvənin (67 faiz), tütünün (48 faiz), çayın (52 faiz), bitki yağlarının (21 faiz) ixracı artıb. Eləcə də pambıq lifinin ixracı 6 dəfə, bentonit gilinin ixracı isə 3 dəfə çoxalıb.
Əksinə şəkərin (7 faiz), marqarinin ( 25 faiz), emal olunmamış alüminiumun ( 31 faiz), pambıq ipliyinin (30 faiz) ixracı azalıb.
Ət və quş məhsullarının idxalı dəfələrlə artıb
Ötən illə müqayisədə 2017-ci ilin yanvar-may aylarında quş əti və onun əlavə məhsullarının (2,4 dəfə), mal ətinin (2,6 dəfə) idxalı artıb.
Minik avtomobillərinin (15,5 faiz), məişət kondisionerlərinin (49 faiz), paltaryuyan maşınlar (2,2 dəfə), yük avtomobillərinin ( 70 faiz) idxalı da çoxalıb.
Bu malların idxalı azalıb
Buğdanın (38 faiz), bitki yağlarının (26 faiz), təzə tərəvəzin ( 43 faiz), qara metallardan boruların ( 67 faiz), sementin (91 faiz), məişət soyuducularının (44,5 faiz) idxalında azalma müşahidə olunur.