Aynur Elgüneş: "Əleyhimə bəzi ifadələr verilib"

Aynur Elgüneş: "Əleyhimə bəzi ifadələr verilib"
12 İyul 2017
Mətni dəyiş

İyulun 11-də müstəqil jurnalist Aynur Elgünəş Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. 

Prokurorluqdan çıxdıqdan sonra o, Meydan TV-yə açıqlamasında jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində dindirildiyini söyləyib:

“Dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan" TV İnternet resursun fəaliyyəti üzrə açılmış cinayət işilə bağlı idi. Bir də daha öncə verilmiş bəzi ifadələrə cavab tapmağa çalışırdılar. Əleyhimə bəzi ifadələr verilib. Onları dəqiqləşdirirdilər''.

Bundan əvvəl Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl, Sevinc Vaqifqızı, İslam Şıxəli, İzolda Ağayeva, Aytac Əhmədova və Natiq Cavadlı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun