Bu gün Səbayel rayon Məhkəməsində
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Həsən Əliyev ifadə verib.
O bildirib ki, Faiq Əmirlinin evindəki axtarışda və idarə etdiyi avtomobilə baxış keçirib. Onun evində və maşında axtarış zamanı disklər, bir sıra ədəbiyyatlar tapılıb.
Hakim bildirib ki, iş digər şahid Elvin Ağayev məhkəməyə teleqram göndərərək, istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib.
Hakim məhkəməyə gəlməyən şahidlərin ifadələrinin elan olunmasıyla kifayətlənməyin mümkünlüyünü ittiham və müdafiə tərəfindən soruşub. Vəkil Aqil Layıcov bu məsələyə münasibət bildirmək üçün vaxt istəyib.
Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.