Gizli iqtisadiyyat üzrə araşdırmaların aparıldığı 28 ölkə arasında ÜDM-in üçdə iki hissəsinin qeyri-formal sektorun payına düşdüyü Azərbaycan lider oldu.
Bizdə qeyri-formal iqtisadiyyatın payı ÜDM-in 67%-nə çatır ki, bu da dünya üzrə olduğundan, orta hesabla, təxminən üç dəfə çoxdur.
Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) qlobal gizli iqtisadiyyatın qiymətləndirmə və inkişaf proqnozuna həsr olunmuş tədqiqatın nəticələri belədir (rbc).
Gizli iqtisadiyyatın həcmi Nigeriyada (ÜDM-in 48%-i), Ukraynada (ÜDM-in 46%-i), Rusiyada (ÜDM-in 39,3%-i) çox böyükdür, rüsvayçı reytinq favoritləri beşliyini isə 38% göstəricisi ilə Şri Ланка qapayır. Ondan sonra Braziliya (ÜDM-in 35%-i), Pakistan (ÜDM-in 32%-i), Bolqarıstan (ÜDM-in 30%-i), Estoniya (ÜDM-in 28%-i) və Keniya (ÜDM-in 27%-i) gəlir.
ACCA ekspertləri gizli iqtisadiyyatı dövlət tənzimlənməsi, vergiqoyması və nəzarəti sistemi hüdudlarından kənarda olan iqtisadi fəaliyyət və ondan əldə olunmuş gəlir kimi müəyyən edir. 2016-cı ilin yekunları üzrə gizli sektorun həcminin ən az göstərici ABŞ (ÜDM-in 7,8%-i), Yaponiya (10%-i) və Çində (10,2%-i) qeydə alınıb.
ACCA-nın hesablamalarına görə, 2016-cı ildə qlobal ÜDM-də gizli iqtisadiyyatın payı 22,66% təşkil edib. Ekspertlər proqnozlaşdırırlar ki, yaxın illərdə o, azalacaq: 2017-ci ildə 22,5%-ə, 2020-ci ildə 22,1% və 2025-ci ildə 21,4%-ə enəcək. Rusiyada bu göstərici ilbəil, demək olar ki, dəyişmir və 2011-ci ildə o, 39,33% təşkil edirdisə, ACCA-nın gözlədiyi kimi, 2025-ci ildə həmin səviyyədə - 39,3% qalacaq.
Məruzədə deyilir ki, bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək, dövlətin biznesə təzyiqinin böyük və yoxsulluğun səviyyəsinin yuxarı olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi yerlərdə artır.
Söhbət, məsələn, qeyri-formal məşğulluqdan, "kassanın yanından" keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsi olmayaraq göstərilməsindən gedir. Rusiyada olduğu kimi, Azərbaycanda qeyri-rəsmi biznesin inkişafına korrupsiyanın yüksək səviyyəsi, demokratik institutların zəifliyi və iqtisadiyyatda resessiya kömək edir.
Beləliklə, "gizli" sektorun milli ÜDM-də payına görə Azərbaycan nəinki MDB üzrə qonşularını, hətta Afrika ölkələrini ötüb.
[caption id="attachment_14649" align="aligncenter" width="987"] Qubad İbadoğlu[/caption]ACCA araşdırmalarının nəticələri ilə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Milli Şurasının əlaqələndiricisi, iqtisad elmləri doktoru Qubad İbadoğlu da razılaşıb.
"Əgər keçən il Azərbaycan ÜDM-in həcmi 54,4 mlrd. manat təşkil edibsə və onlardan 60%-i gizli iqtisadiyyatın payına düşürsə, onda pul ifadəsində bu, o deməkdir ki, "gizli bazar"ın payına 30 mlrd. manatdan çox düşür. Böyük xəlvəti iqtisadiyyat, ilk növbədə, şübhəsiz ki, islahatlar tələb edən mövcud iqtisadi sistemin mükəmməl olmadığının göstəricisidir.
Korrupsiya ilə mübarizəyə mane olan ən ciddi problem dövlət büdcəsi şəffaflığının olmamasıdır. Hətta parlament deputatlarının dövlət investisiyaları haqqında ətraflı məlumatlara çıxışı yoxdur. Parlament milli sərvətlərin istifadəsinə nəzarət olunmasında real surətdə iştirak etmir", - deyə Q. İbadoğlu "Turan"a bildirib.
Ekspertin fikrincə, Azərbaycanda iqtidar gizli iqtisadiyyatı daha az bəla hesab edir. Bundan əlavə, bir çox dövlət məmurları və güc strukturları işçiləri ondan fəal istifadə edərək gizli gəlir alırlar. Və bütün bunlar mövcud iqtisadi sistemin içində qurulub və faktiki olaraq onun bir hissəsidir.
[caption id="attachment_1857" align="aligncenter" width="1000"] Samir Əliyev[/caption]İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev qeyd edir ki, bu beynəlxalq təşkilatın məlumatları ölkə iqtisadiyyatındakı vəziyyəti, iqtisadi siyasət və korrupsiya və inhisarçılıqla mübarizə üzrə atılan addımların səmərəsizliyini əyani şəkildə səciyyələndirir. Böhran dövründə ÜDM-in payı azaılr, buna müvafiq olaraq gizli iqtisadiyyat artır.
"Əgər ölkədə gizli iqtisadiyyatın ÜDM-də faizi bu qədər çox olmasaydı, onda böhranın bizə təsiri daha az olardı. Bəziləri iddia edir ki, ölkədə mürəkkəb maliyyə şəraitində gizli iqtisadiyyata təzyiq göstərmək olmaz, çünki o, məsələn, işsiz qalmış və qeyri-leqal sektorda özünə iş tapmış adamları dolandırır. Lakin milyardlarla manatın büdcənin yanından "axaraq" dövlətə əmək haqlarını, pensiyaları, sosial müavinətləri artırmağa imkan vermədiyinə göz yummaq olmaz.
Biznesin qeyri-leqal sektorlarını leqallaşdırmaq, dolayı yollarla qazanılmış və xaricə aparılmış kapitallara amnistiya elan etmək üçün üsullar axtarmaq lazımdır. Təkcə bu tədbirlər dövlətdə iqtisadi vəziyyəti sağlamlaşdırmağa kömək edər. İqtisadiyyatın qaranlıq tərəfini işıqlı tərəfə çevirmək üçün siyasi iradə, fəal tədbirlər lazımdır ", - deyə S. Əliyev vurğulayıb.