Bu gün, 26 iyulda Ədliyyə Nazirliyinin Baş İdarəsindən, Penitensiar Xidmətdən və diplomatik korpus nümayəndələrindən ibarət bir qrup şəxs 1 saylı Bakı İstintaq Təcridxanasında olub.
Abzas.net-ə verilən məlumata görə, həbsxanada xəsarət və ölümlə nəticələnən insident baş verib. Məlumata görə, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Amma məsələni və hadisənin nədən ibarət olduğunu dəqiqləşdirmək mümkün olmayıb.
Bir neçə mənbədən aldığımız məlumata görə, həbsxanada bu gün gərginlik hökm sürüb və bir neçə yerdən yoxlama gəlib, ona görə həbsxana rəisi Rəşid Səfərov da məşğul olub.
Məsələ ilə bağlı gün ərzində Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da telefonlarımız cavabsız qaldı.
XatırlatmaAprel ayının əvvəlində 1 saylı İstintaq Təcridxanasında ictimai-siyasi fəal Mehman Qələndərov müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumata görə, o intihar edib.
Hüquq müdafiəçiləri isə onun ya intihar həddinə çatdırıldığını, ya da məqsədli şəkildə öldürüldüyünü bildirib.
Mehman Qələndərov "heykəl məhbuslarına" dəstək olaraq Mərkəzi Bankın qarşısındakı Heydər Əliyevin abidəsinin qarşısında etiraz aksiyası keçirəcəyini elan edib. Ondan sonra polis tərəfindən saxlanıb, narkotik ittihamı ilə həbs olunmuşdu.