Xədicə İsmayıl
Bu gün (22 iyul - red.) sizə jurnalist hekayələrini danışacağam. Əsl jurnalist hekayələrini. Bu günü qeyd etməyə haqqı olanların hekayələrini. Neçə gündür ürəyinizi bulandıran söhbətlərin peşəmizin göstəricisi olmadığını anlayasız deyə.
Hekayə 1. Əfqan Muxtarlı
Leyla Mustafayeva ucundan qulağından yazdı, mən təfərrüatı ilə yazım: İl 2014, sentyabr ayıdır. Əfqan Muxtarlı Silahlı qüvvələrin tender gizlinləri barədə silsilə araşdırmanı bitirib, Meydan TV də hissə-hissə dərc etməyə başlayıb.
Həmin günlərdə ya Müsavat, ya AXCP qurultay keçirirdi, səhv etmirəmsə, Əmircanda. Jurnalistlər də toplaşıb ora. O qurultayda bərk gedən hökumətaltı agentliyin bir müxbiri yaxınlaşıb, Əfqana deyir ki, çıxaq, səninlə işim var. Çıxırlar binadan, deyir, bir nəfər səninlə görüşmək istəyir və kənarda dayanan maşını göstərir.
[caption id="attachment_35476" align="aligncenter" width="1023"] Əfqan Muxtarlı[/caption]Əfqan əyləşir maşına, maşında da Müdafiə Nazirliyinin təchizat idarəsinin yüksək rütbəli əməkdaşı oturub. Əfqana deyir ki, bu yazıları dayandır, nə istəsən veririk. Pul, ev, nə istəsən.
Əfqan da söhbəti uzatmadan, müəllimə 6 hərfli, bir sözdə ifadə olunan "rədd ol" komandası verir və maşından çıxır, qapını çırpıb, gedir.
Bunu mənə danışanda dedi ki, özümü o agentlik müxbirini döyməkdən zorla saxladım. Məni nə hesab edirlər bunlar, pis təkliflər verirlər?
Belə oğlandır bizim Əfqan. Həm tankın, həm pulun qarşısında duruş gətirən Əfqan. Bayramın mübarək, əzizim!
Hekayə 2. Seymur Həzi
Bir fransız jurnalist gəlmişdi Bakıya. Məni əvvəldən tanıyırdı, Parisdə görüşmüşdük əvvəllər. Bakıda ikən də görüşdük. Görüşümüzdən birində Seymur Həzi də vardı yanımda. Seymurun bir neçə il əvvəl oğurlanmasından danışdım fransız qardaşa. O da təfərrüatları soruşdu. Başına torba salıblar, aparıblar, ayağından asıblar, bir saat başı aşağı qalıb. Deyiblər, daha hökumət əleyhinə yazma. Gələn dəfə lap pis olacaq. Sonra da gətirib atıblar bir yolun qırağına.
O isə yazırdı, danışırdı, veriliş aparırdı, tənqidə davam edirdi. Tutulanadək.
[caption id="attachment_3656" align="aligncenter" width="4351"] Seymur Həzi[/caption]Fransız dostumuz Laurent Richard söhbətə qulaq asdıqca gözləri böyüdü, sonra məndən soruşdu ki, adam belə dəhşətləri necə belə soyuqqanlılıqla yada sala bilir? Bundan sonra necə işləyə bilir?
Dedim, hərə bir cürdür, bizim Seymur Hezi də belə oğlandır. Bayramın mübarək, əzizim! Tezliklə aramızda ol!
Hekayə 3. Mehman Hüseynov
Mehman Hüseynov növbəti məmurun villaları barədə post yayandan sonra bizim "mötəbər" agentlik redaktorlarından biri və bir qəzet redaktoru ona mesajlar yazıb, həmin məmurla dost olduqlarını, mükafat müqabilində həmin postu silməsini xahiş edirdilər. O yazışmaları mənə də oxudub Mehman.
İmtina edirdi təkliflərdən. Bu da bizim qeyri-ciddi, bəzilərinin qeyri-peşəkar saydığı Mehman. Uşaq da olsa, çoxlarından daha qeyrətlidir.
Bayramın mübarək, əzizim!
[caption id="attachment_14037" align="aligncenter" width="2048"] Mehman Hüseynov[/caption]Hekayə 4. Şahvələd Çobanoğlu
İl 2009, Emin Milli və Adnan Hacızadə həbs olunub. Hamı şokdadır. Bu həm də ilk dəfə qərb təhsilli, siyasi mübarizə sabiqəsi olmayan, ənənəvi müxalifət çərçivəsindən çıxan gənclərin həbsi idi. Cəmiyyət şokda. Və bu dəmdə Yeni Müsavat qəzetində bu gənclərin casus olması, ABŞ-ın sifarişi ilə Azərbaycanda inqilab hazırlaması barədə yazı çıxır. Sifariş idi. O zaman hələ Eynulla Fətullayev həbsdə idi deyə, o sifarişləri Rauf Arifoğluna göndərirdilər. Bu yazıya etiraz edib, stabil maaşlı işdən imtina edib, qəzetdən istefa verən bircə nəfər olur - Şahvələd Çobanoğlu. Maddi durumu yaxşı deyildi. İndi də yaxşı deyil.
Bu onun nə ilk imtinası idi, nə son imtinası. Buna qədər də, bundan sonra da senzura, ləbbeyk ehtiva edən yüksək maaşlı iş təkliflərini geri çevirib.
[caption id="attachment_4198" align="aligncenter" width="1024"] Şahvələd Çobanoğlu[/caption]Ata Holdinqin Əliyevlərə məxsus olmasını, SOCAR-ın Petkimə yatırımlarındakı qanunsuzluqlar haqda araşdırmaların müəllifi, yaddaşımıza həkk olunan, cəmiyyətin ən acı problemlərini dilə gətirən adamdır.
Üstəlik, illər sonra daşa həkk edilərək, tarixə çevrilən "Qul bayramı" ifadəsinin müəlliflik hüququ da ondadır.
Bayramın mübarək, əziz dost! Yaxşı ki varsan!
Hekayə 6. "Adsız qəhrəmanlar"
Və bir də son iki il yarımda yaranmış fenomen var - anonim jurnalistlərimiz. Hökumət ailələrini, özlərini hədəf aldı deyə, imzalarını gizlətdilər, amma işlərini dayandırmadılar. Mən həbsdə ikən, mənim araşdırmalarım dayanmasın deyə, fədakarlıq edib işlədilər. Həbsdən çıxdım, hələ də davam edirlər.
Hamınızı bircə bircə öpürəm, gözəl insanlar! Bayramınız mübarək!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.