Əfqan Muxtarlıya görə Gürcüstanda yüksək vəzifəlilər işdən kənarlaşdırıldı

Əfqan Muxtarlıya görə Gürcüstanda yüksək vəzifəlilər işdən kənarlaşdırıldı
20 İyul 2017
Mətni dəyiş

Gürcüstanda Dövlət Sərhər Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən kənarlaşdırılıblar.

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrishvili iyulun 20-də Əfqan Muxtarlının işi üzrə istintaqa dair keçirdiyi brifinqdə məlumat verib.

Azadlıq Radiosunun məlumatına görə, nazir bildirib ki, sözgüdən işlə bağlı daxili İşlər nazirliyi Təhlükəsizlik nazirliyi ilə birlikdə araşdırma aparıb.

"İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də Təhlükəsizlik nazirliyi ilə birgə belə qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik, amma istintaq hər hansı versiyanı istisna edə bilməz.

İstənilən halda müəmmalı şəkildə sərhəd qaydaları pozulub, ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır".

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun