Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı həkim müayinəsindən keçib və onun mədəsində qastrit yarandığı müəyyən edilib. Məhbus jurnalistin nəbzi yoxlanılıb, məlum olub ki, ürək ritmləri normadan artıqdır.
Bu barədə Meydan TV-yə iyulun 28-də Əfqan Muxtarlı ilə görüşən vəkil Zübeydə Sadıqova məlumat verib.
Vəkil deyib ki, jurnalistə resept yazsalar da, indiyə qədər ona dərmanlar verilməyib: "Şəkəri normadadır, özü də nəzarət edir, amma çəkisi 21 kiloqram azalıb".
Vəkil Əfqan Muxtarlıya bu həftə telefonla danışmağa imkan verilmədiyini söyləyir:
"Ona telefonla danışanda da süni maneçilik yaradılır. Həyat yoldaşı Leyla Mustafayevaya və bacısı Əsmər Muxtarlıya heç cür zəng edə bilmir. Bakıda olan dostlarına isə zəng etməyə icazə vermirlər. Görüşlərə gəldikdə, ona yanına heç kəsin gəlmədiyini deyirlər, amma sonra məlum olur ki, etibarnamə verilsə də, Samir Əsədli və digər dostlarıyla görüşə icazə verilmir".
Vəkil Əfqan Muxtarlıyla bağlı heç bir istintaq hərəkəti aparılmadığını dedi.
XatırlatmaJurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.