Əfqan Muxtarlı həbsxanada 16 kq arıqlayıb

Əfqan Muxtarlı həbsxanada 16 kq arıqlayıb
11 İyul 2017
Mətni dəyiş

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının səhhətini ciddi problemlər yaranıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov iyulun 10-da jurnalistlə görüşündən sonra məlumat yayıb.

“Əfqan Muxtarlı bildirdi ki, yeməyini isidib yeməyə icazə vermirlər, təcridxanada verilən yemək isə keyfiyyətsizdir. Bu səbəbdən mədəsində kəskin ağrılar yaranıb. Həbsdə qaldığı müddət ərzində 16 kiloqram arıqlayıb”, - vəkil qeyd edib.

Xatırlatma

Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun