Əbülfəz Qurbanlı
Gündəmdəki mövzulardan yazmaq vacibdir. Amma gündəmi yaradan tərəf olmaq daha zəruridir. Müəyyən mənada başlıca görəvdir. Daha böyük güc və təsir mexanizmlərinə sahiblənmək deməkdir. Bu resurslara malik olmağın hansı yolları var?
Ötən dəfə də hökumətin istəyərəkdən və yaxud istəməyərəkdən yaratdığı gündəm mövzularının müzakirəsində iştirakçılığın qaçılmaz olduğunu, eyni zamanda belə iştirakçılığın dəyişiklik etmək istəyənlər üçün vaxt və enerji itkisi olduğunu qeyd etmişdik. Daha zəruri işin təşkilatlanma və şəbəkələşmə işi olduğunu önə çəkmişdik.
Təşkilatlanmaq və şəbəkələşməkÜmumiyyətlə, bütün dövrlərdə mənim üçün başlıca qənaət və qərar ölkədə dəyişikliyin yolunun təşkilatlanmaq, həmçinin buna oxşar proses olan şəbəkələşmək olub. Bu iki anlayış əlahiddə məsələdir. Uzatmadan ilk növbədə təşkilatlanma haqda fikirlərimi bölüşəcəm. Əlbəttə, mən təşkilati iş haqda elmi konseptual nəzəriyyə yazmaq iddiasında deyiləm. Sadəcə, qısa olmayan dövrün praktikasından və oxuduqlarım, müxtəlif təlimlər nəticəsində bərkimiş mülahizələrimi qeyd edəcəm.
Təşkilatlanmaq narazı vətəndaşın inandırılaraq etirazçıya çevrilməsi prosesidir. Təşkilati iş ölkə coğrafiyası boyu az və ya çox insanların bir ideya və ya strukturda birləşdirilməsi, hərəkətə gətirilməsi və onların inkişafıdır. Təşkilata yeni-yeni insanların cəlb olunmasıdır. Bu yenilərin heç olmasa, 90 faizinin eyni vaxtda müəyyən olunmuş istiqamətlər üzrə icraçılığıdır. Təşkilati iş həmin yeni insanların ortaya çıxarılması üçün bəzən bir və bir neçə nəfərlə başladılan prosesdir.
Düzgün əmək bölgüsü, aydın iş istiqamətləri, effektiv metodologiya təşkilati sahədə uğurları qaçılmaz edir. Bunun üçün təşkilatçılardan əvəz olunmaz keyfiyyətlər tələb olunur: ardıcıllıq, intizamlılıq, məsuliyyətlilik, təşəbbüskarlıq və ideya generatoru olmaq. Həm də o təşkilatçılar uğur qazana bilir ki, onlar idarə etmək və idarə olunmaq keyfiyyətlərinə sahib olur.
Təşkilatlanma yüzlərlə müxtəlif xarakterlərə sahib insanların bir hədəfə yönləndirməsidir. Dinləmək, narazılıqları aradan qaldırmaq və birləşdirmək yekdilliyi təmin edir. Yekdillik ali görəvləri olan siyasi partiya və təşkilatlar üçün maddi texniki bazadan önəmlidir.
Təbliğat, fandreyzinq, natiqlik və bloggerlikTəşkilatçılıq fərdi yanaşma tələb edir. Komandada təmsil olunan, maşının ən müxtəlif detalları rolunu oynayan bu insanlarla dil tapmaq, imkanlarını qiymətləndirmək, stimullaşdırmaq, ruhlandırmaq, bəzən də iradlar bildirməklə daimi fəaliyyətini təmin etmək lazımdır.
Sıralarda yüzlərlə, minlərlə etirazçını toplamaq təşkilati işin bitməsi deyil. Belə təşkilati iş yarımçıqdır. Əgər bir qapıdan yeni-yeni hiddətli narazılar daxil olub etirazçıya çevrilirsə, o biri qapıdan çıxanda onlar təşkilati işi mənimsəmiş, istər müxalifət strukturunda, istərsə də dövlət və özəl sektorda başqalarından bir addım öndə olan kadrlar olaraq çıxmalıdırlar.
İdarəetmə, təbliğat, PR işi, fandreyzinq, natiqlik və bloggerlik mühüm sahələr kimi təşkilati işə daxildir. Təbii ki, bu sahələrin hər biri haqda minumum bilik və bacarıqlara sahiblənmək zərurətdir.
Pulsuz, maddi resurssuz təşkilatlanmaq mümkündürmü?Bir çox hallarda müxalifətçilər hesab edir ki, təşkilatlanma işinin zəifliyi maddi-texniki resursların məhdudluğu ilə bağlıdır. Bəzən haqq qazandırmaq üçün Napelonun qələbə üçün üç amilin- kapital, kapital, yenə də kapitalını önə çəkirlər. Burada müəyyən mənada həqiqət payı var. Amma heç bir avtoritar quruluşlarda müxalifət hətta orta məbləğdə pul vəsaitinə və repressiyalarsız siyasi uğura sahib olmur. İndiki halda isə sosial şəbəkələr, iqtisadi böhran məhdud resurslu müxaliflər üçün göydən düşmə avantaj və üstünlük deməkdir.
Əminliklə deyə bilərik ki, müxalif strukturlarda təşkilatçı olmaq özəl və dövlət sektorunda idarəçilik funksiyalarından daha mürəkkəb və zəhmət tələb edən işdir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.