14 İyun 2017
Mətni dəyiş
Dünən AŞ PA həmməruzəçiləri Azərbaycana səfər çərçivəsində siyasi partiya, qeyri-hökumət təşkilatları təmsilçiləri ilə görüşlər keçiriblər. Belə görüşlərdən birində iştirak edən araşdırmaçı jurnalist Xədicə İsmayıl təəssüratlarını sosial şəbəkədə paylaşıb.
"Dünyanın bir çox təşkilatları, Avropa siyasətçiləri, AŞ PA həmməruzəçiləri, Niderland hökuməti Leyla və Arif Yunusun axtarışa verilməməsi (Azərbaycan hökuməti onların axtarışa verilməsini İnterpoldan xahiş etmişdi) üçün İnterpola müraciət edib.
Yunusların rəsmi siyasi mühacir statusu var və BMT-nin müdafiəsi altındadırlar. Odur ki, İnterpol da onları təhvil verməyəcək və Azərbaycan hökumətinin xahişinə məhəl qoymayacaq. Bəs Azərbaycan hökuməti bunu bilə-bilə niyə onları axtarışa verdi? Cinayətkar idilərsə, niyə buraxırdı və indi niyə axtarır?
Əvvəla, Yunuslar heç bir cinayət törətməyib və onlara qarşı olan iş absurddur. Bunu hökumət də bilir. Amma indi onları axtarışa verib beynəlxalq qalmaqal yaratmağın xüsusi anlamı var.
Hökumətin itirmək istəmədiyi mövqelər var – həbsdən buraxmaq istəmədiyi adamlar, qanunlara etmək istəmədiyi dəyişikliklər və s. Yunuslar isə artıq itirilmiş mövqedir. Hökumət indi dünyanın başını bu məsələ ilə qatmaq istəyir ki, əlində olanları deyil, əlində olmayanları müzakirə eləsin.
Məsələn, məruzəçilərin bir saatlıq görüşü var, bunun azı 15 dəqiqəsini sərf elədilərmi Yunusların məsələsinə? Qalan 45 dəqiqəyə də 147 siyasi məhbusu, saytların bağlanmasını, başqa ölkədən adam oğurluğunu, QHT qanunvericiliyini, işgəncələr məsələsini sığdırmaq lazımdır. Hökumət də 45 dəqiqə danışılanlara qulaq asır, deyir, heç müzakirə eləmirəm. Bu məsələdə guya dirəniş göstərir, sonra həmin iş dondurulur və Avropa siyasətçiləri deyir ki, ura, biz Yunusları xilas elədik. Hərçənd, onlar artıq xilas olublar.
Bəs dünya niyə bu məsələnin üzərində belə köklənib? Çünki Avropa siyasətçilərinə də hökumətlə dalaşmaqdan çox, onunla hansısa məsələni həll edib yoluna qoyduğu barədə illüziya yaratmaq lazımdır.
Dünən (12 iyun – red.) məruzəçilərdən biri ilə görüşdüm. O biri daha mənimlə görüşə gəlmir; hər görüşdə iynələyirəm deyə. Məndən soruşdular, sənin durumun necədir? Dedim, həbsdəkilərə baxanda yaxşı. Onlarla məşğul olun. Dedi birinin beli xəstədir, normal stulda oturması üçün Ədliyyə Nazirliyinə müraciət eləmişik, o birinin də müalicəsi üçün. Xahişlərimizi qismən nəzərə alıblar. Dedim, aptek deyilsiniz siz. Onların azadlığa çıxması ilə məşğul olun. Xırda məsələlərə vaxt ayırmayın.
Görüşdən çıxdım, gördüm ABŞ səfiri Sekuta dayanıb. Dedim, necəsiz? Dedi, iş çoxdur. Dedim, başınız qarışıb mədəni tədbirlərə, yorulursuz. Biz isə sizin insan haqları mövzusuna qatqınızı gözləyirik. Deyir, Dövlət Departamenti bəyanat verir. Dedim, səfirlik nə üçündür? Dedi, ABŞ-ı təmsil eləmək üçün. Dedim, mədəni tədbirlərdə? Dedi, ABŞ hökumətinin mövqeyini Dövlət Departamenti ifadə edir".